Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Romada torpaqların eroziyaya uğraması problemlərinə həsr olunmuş simpozium keçirilir

Bakı, 15 may, AZƏRTAC

Torpaqların eroziyaya uğramasının mənfi nəticələri getdikcə daha aşkar görünür. Odur ki, birlikdə fəaliyyət göstərmək zərurəti də getdikcə daha aktual olur.
AZƏRTAC BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri FAO baş direktorunun iqlim və təbii ehtiyatlar üzrə müavini Mariya Helena Semedo Romada “Torpaqların eroziyasını dayandıraq, gələcəyimizi xilas edək” mövzusunda üçgünlük simpoziumda söyləyib.
O deyib: “Biz bu problemi necə həll edəcəyimizi bilirik. Təhsilin, məlumatlılıq səviyyəsinin artırılmasının və yerlərdə konkret fəaliyyətin köməyi ilə torpaqların eroziyasının qarşısının alınması torpaqların saxlanılmasının ən yaxşı üsuludur. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağımıza kömək edəcək”.
Semedonun sözlərinə görə, hazırda hər beş saniyədən bir futbol meydanı boyda torpaq sahəsi yararsız hala düşür, planetimiz bütün Yer kürəsi torpaqlarının 90 faizindən çoxunun eroziyaya uğramasına doğru istiqamət götürüb. Torpaqların intensiv əkinçilik, torpaqların dərin becərilməsi, əkin sahələrində eyni bitkilərin əkilməsi, mal-qara otarılması, şəhərlərin çoxalması, meşəsizləşdirmə, habelə sənaye və dağ-mədən işləri nəticəsində eroziyaya uğraması məhsulun təqribən 50 faizinin itirilməsinə gətirib çıxara bilər.
Semedo onu da bildirib ki, üzvi karbon hissəciklər torpaqdan asanlıqla yuyulduğu üçün eroziya iqlim dəyişmələrinin nəticələrinin yumşaldılması və onlara adaptasiya olunması prosesində torpağın potensialının azalmasına gətirib çıxarır. Ekstremal hava şəraiti ilə torpağın eroziyasının bir-birinə təsirinin güclənməsi nəticəsində çıxılmaz vəziyyət yaranır.
Torpaqların eroziyasına dair qlobal simpozium FAO, Qlobal Torpaq Tərəfdaşlığı Proqramı, Torpaqlara dair Hökumətlərarası Texniki Qrup, BMT-nin Səhralaşmaya qarşı Mübarizə Konvensiyası, FAO ilə Dünya Nüvə Assosiasiyanın ərzaq istehsalında və kənd təsərrüfatında istifadə üçün nüvə texnologiyalarının işlənib hazırlanması üzrə birgə proqramı tərəfindən təşkil edilib.
Mayın 17-dək davam edəcək simpozium çərçivəsində 20 sessiya keçiriləcək. Sessiyalarda alimlər, akademiklər, fermerlər, hökumət məmurları və hətta torpağın eroziyasını kosmosdan təsvir edəcək kosmonavt çıxış edəcəklər.
FAO “Torpaqların eroziyası: torpağın davamlı idarə olunması üçün ən böyük təhdid” adlı yeni məruzə təqdim edib.
Kanadanın Saskaçevan Universitetinin professoru Den Pennokun rəhbərliyi ilə hazırlanmış məruzədə torpaqların eroziyası haqqında biliklərin müasir səviyyəsinin icmalı təqdim edilib. Son üç ildə bu mövzuda bütün XX əsrlə müqayisədə daha çox tədqiqatın nəticələri dərc edilib.
Torpağın eroziyasının necə baş verdiyinə və onu nəzarətdə saxlamaq üçün nə etmək lazım gəldiyinə dair aşkar məlumatların olmasına baxmayaraq, torpaqların itirilməsi sürətini ölçmək və itirilmənin qarşısını alacaq tədbirlərin həyata keçirilməsinə nə qədər vəsait lazım olduğunu qiymətləndirmək üçün yeni tədqiqatlara ehtiyac var.
Aydındır ki, ənənəvi yollarla şumlanmış kənd təsərrüfatı yerlərində və ya intensiv olaraq mal-qara otarılan yerlərdə torpaqların eroziyası sürəti təbii yaşıllıqlar şəraitindəki eroziyadan xeyli yüksəkdir, torpaq əmələgəlmə sürətindən isə qat-qat çoxdur. Bu isə o deməkdir ki, biz bərpa olunmayan resursu tükəndiririk.
Bitki örtüyü, o cümlədən kolluqlar, ağaclar, dayanıqlı otlar, qoruyucu bitkilər və kövşənliklər külək eroziyasını 80 faizdən çox azalda, habelə su udma qabiliyyətini artıra, torpağın bərkimə prosesini zəiflədə və kənd təsərrüfatı işlərinə mane olan şırım və kanalların yaranmasına mane ola bilər. Dayaz şumlama quraqlıq regionlarda xüsusilə səmərəlidir.
Fermerlərin çoxu eroziyaya qarşı mübarizə tədbirlərinin çox vaxt apardığını, tez bir vaxtda fayda gətirmədiyini düşünür. Həqiqətən də minilliklərin təcrübəsi ilə sınanmış, çox sərmayə tələb edən, lakin olduqca səmərəli yanaşma olan terraslaşdırma pis idarəetmə və layihələndirmə, habelə bütün regionlarda baxımsızlıq səbəbindən hazırda arzu olunan nəticələr vermir.
“Qlobal qaynar nöqtələrin” müəyyən edilməsi, eroziyaya qarşı mübarizənin ən yaxşı metodları haqqında məlumat bazasının yaradılması, habelə torpaqların eroziyasının qarşısının alınması, aradan qaldırılması, yumşaldılması üzrə gələcək tədbirlərin xərc və faydalarının təhlilinin necə aparılması məsələlərində konsensus əldə edilməsi simpoziumun planlaşdırılmış nəticələri arasındadır.

Ekologiya 2019-05-15 20:00:00