×
A
A
A
Sazlamalar

Gəncliyimiz gələcəyimizdir

Bakı, 15 may, AZƏRTAC 

Gəncliyin fiziki və mənəvi sağlamlığında ciddi fəsadlar yaradan narkomaniyanın, erkən nikahların yolverilməzliyi və dini radikalizmə qarşı meyilliliyin qarşısının alınması mövzusunda polisin keçirdiyi maarifləndirici tədbirlər artıq ənənə halını alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Göygöl Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Gənclər Mərkəzində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” və “Uşaqlar və yol hərəkəti təhlükəsizliyi” mövzularında tədbir keçirilib.
Belə mövzularda maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açan rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev şagirdlərə layiqli vətəndaş olmaları, daim vətəninin sabahını düşünmələri ilə bağlı tövsiyələrini verib.
Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis baş leytenantı Elçin Məmmədov erkən nikahın fəsadlarından söz açaraq deyib ki, gənc qızlar ailənin nə demək olduğunu dərk etsələr də, onlar erkən yaşda ərə getmək haqqında yox, mükəmməl təhsil almaq, hər hansı sahədə bacarıqlı mütəxəssis kimi yetişmək, milli-mənəvi dəyərlərimizə bələd olmaq, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi öyrənmək, geniş dünyagörüşünə malik olmaq barədə düşünməlidirlər.
Rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş inspektoru, polis mayoru Cavanşir Orucov narkomaniyanın fəsadlarından, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışaraq bildirib ki, narkomanlıq cəmiyyətin mənəvi, əxlaqi əsaslarını sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına səbəb olur. Bu bəlaya düçar olan insanların sağlam həyata qayıtması çox çətindir.
Rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Azər Şabanov belə tədbirlərin keçirilməsində məqsədin uşaqların yol hərəkəti qaydalarını daha rahat mənimsəmələri, balacalarda küçə, yol, səki, işıqfor barəsində ilkin anlayışların formalaşdırılmasından ibarət olduğunu bildirib.
Dini radikalizmin fəsadlarından danışan rayon icra hakimiyyətinin nümayəndəsi Ceyhun Hümbətov radikalizmin fəsadları və qarşısının alınması yollarından, eləcə də İslam dininin gənclərə düzgün çatdırılmasının vacibliyindən bəhs edib. O, cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Görüşün sonunda narkotiklərin zərərli təsirinə dair videoçarx nümayiş olunub.

Sosial 2019-05-15 19:05:00