Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dini radikalizm və ekstremist fəaliyyət ictimai təhlükəsizliyə açıq təhdiddir

Biləsuvar, 15 may, Mahir Babayev, AZƏRTAC 

Mayın 15-də Biləsuvardakı Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizm - ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Cəlilabad, Salyan, Cəbrayıl və Neftçala rayonlarının icra və hüquq-mühafizə orqanlarının rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin nümayişi ilə başlayan seminar-müşavirədə bildirilib ki, respublikamızda hər bir inanclı insanın dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir. Həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş, eləcə də dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bəzi xarici ölkələrdəki ekstremist terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filminin, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətində gördüyü işlərin böyük əhəmiyyətə malik olduğu vurğulanıb.
Tədbirdə təqdimatla çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. DQİDK-nın sədr müavini deyib ki, gənclərimizin radikal dini təsirlərdən qorunması üçün milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması vacibdir. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə bu istiqamətdə mühüm addımlar atılıb. Adət-ənənələrimizə hörmət hissi, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Səyavuş Heydərov dini radikalizm, ekstremizm və onların fəsadları barədə də ətraflı məlumat verib. Dövlət Komitəsinin sədr müavini diqqətə çatdırıb ki, bəzi qrupların din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına yönəlmiş pozuculuq fəaliyyətlərinə cəhdlər edilir. Bu cür hallara qarşı dövlət qurumları tərəfindən ciddi mübarizə aparılır. DQİDK-nın sədr müavini, eyni zamanda, vurğulayıb ki, olduqca mürəkkəb, qlobal güclərin maraqlarının bir çox sferada toqquşduğu, habelə siyasi iddiası böyük olan dövlətlərin mübarizə meydanına çevrilən regionda yerləşən ölkəmizə qarşı bir sıra istiqamətlərdən, o cümlədən dini mövqedən təhdidlərin səngimədiyi müşahidə olunur. Bu kontekstdə ən önəmli amillərdən biri də dini təhlükəsizlik məsələsidir. Sədr müavini bildirib ki, dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur, eyni zamanda, ictimai-siyasi asayişin daha mükəmməl təminatı üçün olduqca mühümdür.
Tədbirdə, həmçinin dini radikal və ekstremist fəaliyyətin ictimai təhlükəsizliyə açıq təhdid olduğu, ona qarşı müştərək mübarizənin vacibliyi vurğulanıb. Dini radikalizm və ekstremizmə qarşı mübarizə və bu sahədə qanunların tələblərinə riayət edilməsi istiqamətində görülən tədbirlərdən bəhs olunub.
Seminar-müşavirə müzakirələrlə davam edib.

Regionlar 2019-05-15 18:48:00