Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Kiber İdman Federasiyası ilə “Caspiantech” QSC arasında saziş imzalanıb

Bakı, 15 may, Nicat Məmmədov, AZƏRTAC.

Mayın 15-də Azərbaycan Kiber İdman Federasiyası (AzKİF) ilə “Caspiantech” QSC arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, sazişi federasiya prezidenti Ramil Əliyev və “Caspiantech” QSC-nin direktoru Vüsal Məmmədov imzalayıblar.
Tədbirdə qeyd olunub ki, iki qurum arasında əməkdaşlıq ölkəmizdə kiber idmanın daha dinamik inkişafına xidmət edəcək. Sənəd kiber idmançılarımızın nüfuzlu beynəlxalq yarışlarda iştirak imkanlarını genişləndirəcək və bütövlükdə yerli infrastrukturun və kiber idman icmasının inkişafında mühüm rol oynayacaq.
Vurğulanıb ki, “Caspiantech QSC” Azərbaycanda idmanın inkişafına töhfə verməyə çalışır. Bu məqsədlə yaşadığımız rəqəmsal dövrün öndə gedən idman növlərindən olan kiber idmanın daha da inkişaf etdirilməsini dəstəkləyir. 2011-ci ildə təsis olunan AzKİF həmin ildən Beynəlxalq Kiber İdman Federasiyasının (International e-Sport Federation) üzvüdür. Azərbaycan regionda bu təşkilata üzv olan birinci, postsovet məkanında ikinci ölkədir. Ölkəmiz IeSF-ə üzvlük müddətində bu qurumda yüksək səviyyədə təmsil olunub. Bunun nəticəsində kompüter idmanı üzrə altıncı dünya çempionatının təşkili 2014-cü ildə ölkəmizə həvalə edilib. Dünyanın 33 ölkəsini təmsil edən 300-dən artıq idmançının qatıldığı dünya çempionatının təşkilatçılıq səviyyəsi beynəlxalq federasiya və tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan bu günədək belə yüksək səviyyəli kiber idman yarışlarının təşkilində daim örnək göstərilir. Hazırda AzKİF Gənclər və İdman Nazirliyi ilə birlikdə kompüter oyunları üzrə XIII milli çempionatın keçirilməsi istiqamətində hazırlıq işlərini başa çatdırmaqdadır.
Tədbirdə qeyd olunub ki, “Caspiantech” QSC (daha öncə "Azərinteltek" QSC olmuşdur) Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədilə 2010-cu il yanvarın 19-da təsis edilib. QSC-nin ticarət nişanı olan TOPAZ 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. Yarandığı dövrdən indiyədək idmanın inkişafına fəal dəstək verən TOPAZ markası 2012-ci ildən Azərbaycan Premyer Liqasının sponsoru, müxtəlif federasiyaların xüsusi dəstəkçisidir. Bundan başqa, “Caspiantech” QSC hazırda müxtəlif layihələr üzərində çalışaraq Azərbaycanda idmanın müxtəlif növlərinin inkişafına çalışır.

İdman 2019-05-15 18:13:00