Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Üç ayda 415,3 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunub

Bakı, 15 may, AZƏRTAC

Birinci rübdə ölkədən 415,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu, ötən ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 10,9 faiz çoxdur. Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (27,8 faiz), Türkiyəyə (23,9 faiz), Gürcüstana (12,1 faiz), İsveçrəyə (8,1 faiz), İtaliyaya (3,1 faiz), Yunanıstana (2,9 faiz), Çinə (2,5 faiz), İrana (2,3 faiz), Almaniyaya (2,2 faiz) və Ukraynaya (2,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Cari ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,7 faiz, təzə tərəvəz 38,9 faiz, tütün 35,8 faiz, meyvə və tərəvəz şirələri 37,8 faiz, pambıq lifi 3,1 dəfə, emal olunmamış alüminium 10,0 faiz, pambıq ipliyi 36,1 faiz, qara metallardan yarımfabrikatlar 4,5 dəfə, bentonit gili 1,8 dəfə artmış, şəkər ixracı isə 13,4 faiz, çay 10,3 faiz, meyvə və tərəvəz konservləri 11,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu 14,2 faiz, bitki yağları 22,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 0,2 faiz, kartof 24,6 faiz, polietilen 1 faiz, qara metallardan borular 75,9 faiz azalıb.
Keçən ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin birinci rübündə buğda idxalı 28,4 faiz, təzə meyvə 2,9 faiz, xam şəkər və şəkər 4,9 dəfə, kartof 24,5 faiz, quş əti və onun əlavə məhsulları 2 dəfə, mal əti 3,1 faiz, minik avtomobilləri 2,3 dəfə, mineral gübrələr 9,8 faiz, qara metallardan çubuqlar 32,5 faiz, hesablama maşınları, blok və qurğuları 48,5 faiz, mebellər 32,2 faiz, polietilen 38,2 faiz, yük avtomobilləri 2 dəfə, qara metallardan künclüklər 40,2 faiz, məişət kondisionerləri 2,8 dəfə, avtobuslar 2,3 dəfə artıb. Bitki yağları idxalı isə 27,9 faiz, siqaret 21,3 faiz, kərə yağı, digər süd yağları və pastaları 23,9 faiz, çay 11,9 faiz, təzə tərəvəz 19 faiz, qara metallardan borular 9,6 faiz, polad prokatı 16,3 faiz, rezin şinlər 5,2 faiz, paltaryuyan maşınlar 13,9 faiz, sement və sement klinkerləri 39,6 faiz, məişət soyuducuları 14,5 faiz azalıb.

İqtisadiyyat 2019-05-15 17:40:00