×
A
A
A
Sazlamalar

Müdafiə Sənayesi Nazirliyinin iştirak etdiyi “MILEX-2019” sərgisinin açılışı olub

Bakı, 15 may, AZƏRTAC 

Mayın 15-də Belarus Respublikasının paytaxtı Minskdə “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisinin açılışı olub.
Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, sərginin açılış mərasimində Belarus Prezidenti Aleksandr Lukaşenkonun tədbir iştirakçılarına təbrik məktubu oxunub.
Rəsmi açılışda Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev də iştirak edib.
Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə keçirilən sərgidə 10 ölkədən - Belarus, Azərbaycan, Almaniya, İtaliya, Qazaxıstan, Çin, Polşa, Rusiya, Serbiya və Cənubi Afrika Respublikasından 170 şirkət iştirak edir. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “MILEX” sərgisində ilk dəfə stendlə təmsil olunur.
Mayın 15-də işə başlayan, iştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan “MILEX-2019”da MSN tərəfindən əsasən ixracyönümlü məhsullar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları və sair məmulatlar nümayiş etdirilir.
Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin bir sıra ölkələrin rəsmi nümayəndə heyətləri, eləcə də müdafiə sənayesi sahəsində fəaliyyət göstərən aparıcı şirkət və firmaların nümayəndələri ilə görüşləri təşkil olunacaq.
Sərgi işini mayın 18-dək davam etdirəcək.

Sosial 2019-05-15 17:58:00