×
A
A
A
Sazlamalar

Ədliyyə Nazirliyi Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirib

Bakı, 15 may, AZƏRTAC

BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən etibarən hər il mayın 15-i dünyada Beynəlxalq Ailə Günü kimi qeyd edilir. Bu münasibətlə Ədliyyə Nazirliyi tərəfindən Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə Nizami Kino Mərkəzində “Sağlam ailə dövlətin sosial dayağıdır” mövzusunda yığıncaq keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ədliyyə, Səhiyyə nazirliklərinin, Mətbuat Şurasının, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, psixoloqlar, habelə regionlarda yaşayan və 25-50 il birgə ömür sürmüş ailələr, ağsaqqallar və ağbirçəklər, gənc ailələr iştirak ediblər.
Yığıncaqda Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Aynur Sabitova çıxış edərək bütün dünyada qeyd olunan Beynəlxalq Ailə Günündə ölkəmizdə də müxtəlif tədbirlərin keçirildiyini bildiriblər. Həmçinin hazırkı tədbirin planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət etdiyi ifadə olunub.
Çıxışlarda ölkəmizdə təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasətinin uğurla həyata keçirildiyi, ailənin cəmiyyətin əsas özəyi kimi dövlətin daim himayəsində olduğu xüsusilə vurğulanıb. Eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir ailəyə diqqət və qayğısı, ailə dəyərlərinin qorunub saxlanılması, ailələrin sosial müdafiəsinin gücləndirilməsi üzrə həyata keçirilən ardıcıl tədbirlər barədə məlumat verilib.
Nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev və digər çıxış edənlər bildiriblər ki, Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir.
Sonra zəngin və mənalı həyatı hər bir ailəyə örnək olan dahi öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın ömür yolundan bəhs edən “Əsl məhəbbət haqqında” filmi nümayiş etdirilib.
Tədbirə dəvət olunmuş uzunömürlü ailələrin üzvləri keçdikləri ömür-gün yolu barədə söhbət açaraq yeni ailə quran gənclərə tövsiyələrini veriblər. Daha sonra 25-50 il birgə ömür sürmüş ailələrə hədiyyələr təqdim olunub.
Tədbir Bakı Musiqi Akademiyasının, Azərbaycan Respublikası Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin bədii kollektivlərinin konserti ilə davam edib.

Sosial 2019-05-15 15:09:00