×
A
A
A
Sazlamalar

Mavritaniya qəzetlərində ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc olunub

Madrid, 15 may, AZƏRTAC

Mavritaniya İslam Respublikasının “Əl-Ərəbi”, “Vətən xəbərləri” və “Huriya Media” qəzetlərində Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun “Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq” adlı məqaləsi dərc edilib.
Məqalədə qeyd edilir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi olan ümummilli lider Heydər Əliyevin xatirəsi bu gün də Azərbaycanın hər bir vətəndaşının qəlbində yaşayır və ölkənin müasir tarixində canlı xatirə kimi qalacaq.
Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edilən məqalədə bildirilir ki, Azərbaycanın XX əsrdəki inkişafının əsası 1969-cu il iyulun 14-də qoyulub. Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkə iqtisadi inkişafa yol açıb və qısa zamanda SSRİ tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrilib. Ümummilli Lider Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Bu mənada Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol olub.
Məqalələrdə vurğulanır ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin dövlət quruculuğunda misilsiz xidmətlərini heç vaxt unutmayacaq. Ümummilli Lider Azərbaycanın ictimai-siyasi, mədəni həyatının müxtəlif sahələrində gənclərin roluna həmişə xüsusi diqqət yetirirdi.
Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən neft strategiyasından bəhs edilən məqalədə qeyd olunur ki, “Əsrin müqaviləsi” iri həcmdə xarici sərmayəni Azərbaycan iqtisadiyyatına cəlb edərək ölkənin iqtisadi dirçəlişində əvəzsiz rol oynayıb. Həmin neft strategiyasının mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ideyası və onun reallığa çevrilməsi məhz ulu öndər Heydər Əliyevə məxsusdur.
Məqalədə milli dövlətimizin qurulması və möhkəmləndirilməsi üçün Heydər Əliyevin əzmkar fəaliyyəti təhlil edilir. Bildirir ki, Heydər Əliyevin göstərdiyi misilsiz hünər və şücaətə, tarixi qəhrəmanlığa görə Azərbaycan xalqı onu özünün ümummilli lideri seçib.
Qeyd edilir ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən çox dövrü, ölkənin siyasi, iqtisadi və mədəniyyətinin yenidən dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev irsinə və xarici siyasət kursuna sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dinamik inkişaf edir, ölkədə demokratik və iqtisadi islahatlar aparılır. Postsovet ölkələri sırasında Azərbaycan qısa dövr ərzində keçid dövrünü başa vurub, beynəlxalq dialoq və sülh mərkəzinə, habelə prinsipial mövqeyi ilə seçilən güclü regional geosiyasi ölkəyə çevrilib.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Siyasət 2019-05-15 13:20:00