×
A
A
A
Sazlamalar

Xocavənddə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də Xocavənd qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə qurumun sədr müavini Gündüz İsmayılov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, xalqımızın tolerantlıq ənənələrinin və dini müxtəlifliyimizin tolerant əsaslarının qorunub saxlanılmasının, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin, eyni zamanda, dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsinin dövlət-din siyasətinin əsas prioritet istiqamətləri olduğunu bildirib. Maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edən Gündüz İsmayılov bildirib ki, ibadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslamın vəhdət və qardaşlıq dini kimi xarakterizə olunması təsadüfi deyil. Çünki dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır.
Komitənin sədr müavini qeyd edib ki, gənclərə lazımi dini biliklərin sistemli şəkildə verilməməsi onların dini radikalizmin, xurafatın təsirinə düşmə ehtimalını artırır. “Həyat bilgisi” fənni daxilində dinlər barədə biliklərin verilməsi istiqamətində atılan addımların əsas məqsədi hər kəsdə zərərli dini təbliğata qarşı “immunitet” formalaşdırmaqdır.
Tədbirdə digər çıxış edənlər gənclərin biliklərə yiyələnmələrinin önəmini qeyd edib, onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

Din 2019-05-14 16:33:00