×
A
A
A
Sazlamalar

Cənubi Qafqaz Təhlükəsizlik Forumunda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Tbilisi, 14 may, AZƏRTAC

Tbilisidə keçirilən VI Cənubi Qafqaz Təhlükəsizlik Forumunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, müzakirələr zamanı regional münaqişələrin həllinin uzanmasının sülhə təhlükə olduğu bildirilib.
Sessiyada “Eurasianet.org” resursunun Qafqaz üzrə redaktoru Coşua Kuçeranın moderatorluğu ilə keçən müzakirələr zamanı haqlı narazılıq yaranıb.
Beynəlxalq Böhran Qrupunun Gürcüstan ofisinin analitiki Olesya Vartanyan və “International Alert” təşkilatının Qafqaz üzrə regional meneceri Sofia Puqsley ekspertlər kimi çıxış ediblər.
Tədbirin onlayn platformasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidentinin köməkçisi Anastasiya Lavrina moderatora sualla müraciət edib. A.Lavrina onlayn platformada “Nə üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş paneldə Azərbaycanı təmsil edən spiker yoxdur? Sizcə, bu, ədalətli yanaşmadır?” sualını ünvanlayıb.
Qeyd edək ki, Anastasiya Lavrina foruma Azərbaycandan iştirakçı qismində qatılıb.
Moderator bildirib ki, sessiya iştirakçılarını forumun təşkilatçısı Stratpol təşkilatı müəyyən edib və bu məsələyə onlar cavabdehdir.
Stratpol təşkilatının rəsmisi sessiyanın sual-cavab hissəsinə müdaxilə edərək deyib: “Hər il forumun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiyasında həm Azərbaycan, həm də Ermənistandan nümayəndələr iştirak edirlər. Bu il bu formata müəyyən dəyişiklik etməyə qərar verilib”.
Müzakirələr zamanı regiondakı digər problemlərə də toxunulub. Lakin həmin münaqişələrlə Dağlıq Qarabağ probleminin paralelləşdirilməsinin yanlış olduğu bildirilib.
Forum işini bu gün davam etdirəcək.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Siyasət 2019-05-14 07:22:00