İspaniya mətbuatında Ümummilli Liderə həsr edilmiş anım mərasimləri ilə bağlı məqalələr dərc olunub
Madrid, 14 may, AZƏRTAC
İspaniyanın “Diplomat in Spain” elektron portalında və “Galicia Digital” saytında Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə mayın 10-da İspaniyanın paytaxtı Madrid şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş anım mərasimi ilə bağlı məqalələr dərc edilib.
Məqalələrdə qeyd olunur ki, səfir Anar Məhərrəmov mərasimdəki çıxışında Azərbaycanın əldə etdiyi nailiyyətlərin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Diqqətə çatdırılır ki, 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan daxili və xarici siyasətdə ağır vəziyyətlə üzləşmiş, məhz həmin dövrdə Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib.
Yazılarda bildirilir ki, ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə (1993-2003) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların gündəliyinə daxil edilib.
Xüsusi olaraq vurğulanır ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş daxili və xarici siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu uğurlu siyasət ölkəni yeni nailiyyətlərə aparır.
Məqalələrdə, həmçinin Türkiyə Respublikasının İspaniya Krallığındakı səfiri Cihad Erginayın çıxışı diqqətə çatdırılır. Qeyd olunur ki, səfir Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial və digər sahələrdə nailiyyətlərinin müasir Azərbaycanın banisi Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində əldə edildiyini vurğulayıb. Tədbirdə, həmçinin Belarus, Gürcüstan və Ukraynanın İspaniyadakı səfirləri, yerli kütləvi informasiya vasitələrinin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Bildirilir ki, çıxışlardan sonra ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən qısametrajlı film və foto kompozisiya nümayiş etdirilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb
Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir