×
A
A
A
Sazlamalar

Mərakeş qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub

Rabat, 13 may, AZƏRTAC
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Oktay Qurbanovun ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar “Ümummilli lider Heydər Əliyevin dəyərli xatirəsi Azərbaycan xalqının qəlbində əbədi qalacaq” adlı məqaləsi dərc edilib.
Məqalədə qeyd olunur ki, müasir Azərbaycan dövlətinin banisi olan ümummilli lider Heydər Əliyev bu gün də Azərbaycanın hər bir vətəndaşının qəlbində yaşayır və ölkənin müasir tarixində canlı xatirə kimi qalacaq. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edilən məqalədə bildirilir ki, Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci dövrü milli özünüdərkin oyanmasının başlanğıc dövrüdür. Fəaliyyəti xalqın milli qürur hisslərinin oyanması ideyasına əsaslanan Ümummilli Lider Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Bu mənada Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol oldu. Məqalədə diqqətə çatdırılır ki, Ümummilli Lider 1969-1982-ci illərdə Azərbaycanda güclü iqtisadi potensial yaratmaqla ölkəmizin gələcək müstəqilliyinin əsasını qoyub. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin dövlət quruculuğunda misilsiz xidmətlərini heç vaxt unutmayacaq. Ümummilli Lider Azərbaycanın ictimai-siyasi, mədəni həyatının müxtəlif sahələrində və proseslərdə gənclərin roluna həmişə xüsusi diqqət yetirirdi.
Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən neft strategiyasından bəhs edilən məqalədə qeyd olunur ki, “Əsrin müqaviləsi” iri həcmdə xarici sərmayəni Azərbaycan iqtisadiyyatına cəlb edərək ölkənin iqtisadi dirçəlişində əvəzsiz rol oynayıb. Həmin neft strategiyasının mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ideyası və onun reallığa çevrilməsi məhz ulu öndər Heydər Əliyevə məxsusdur.
Məqalədə milli dövlətimizin qurulması və möhkəmləndirilməsi üçün Heydər Əliyevin əzmkar fəaliyyəti təhlil edilir. Bildirilir ki, Heydər Əliyevin göstərdiyi misilsiz hünər və şücaətə, tarixi qəhrəmanlığa görə Azərbaycan xalqı onu özünün Ümummilli Lideri seçib.
1994-cü ilin dekabrında Mərakeşin Kasablanka şəhərində keçirilən VII İslam Zirvə toplantısı zamanı Ulu Öndərin Mərakeş Kralı II Həsən ilə görüşünə toxunan müəllif ümummilli lider Heydər Əliyevin Azərbaycan-Mərakeş münasibətlərinin formalaşmasında və inkişafında rolunu xüsusi vurğulayıb və bu dostluq münasibətlərinin Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında diplomatik əlaqələrin qurulmasından sonra iki ölkə arasında səmərəli əməkdaşlıq və dostluq münasibətləri genişlənib. Son illər ərzində bu əlaqələrin daha da gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb.
Vurğulanır ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən artıq dövrü, ölkənin siyasi, iqtisadi və mədəni həyatının yenidən dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Heydər Əliyev irsinə və siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edir, ölkədə sabit demokratik və iqtisadi islahatlar aparılır. Azərbaycan qısa dövr ərzində güclü regional geosiyasi ölkəyə çevrilib.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat

Siyasət 2019-05-13 20:11:00