×
A
A
A
Sazlamalar

“BİR” tələbə-könüllülərin “Şuşa yalnız xatirələrdə qalmasın” aksiyası 100 minə yaxın insanı əhatə edib

Bakı, 13 may, AZƏRTAC

“BİR” tələbə-könüllü proqramının Şuşanın işğalının 27-ci ildönümü ilə əlaqədar təşkil etdiyi “Şuşa yalnız xatirələrdə qalmasın” adlı aksiya 100 minə yaxın insanı əhatə edib.
Proqramdan AZƏRTAC-a bildiriblər ki, aksiyada insanlar Şuşa haqqında fakt, şəkil, xatirə və ya hər hansı bir mətni #birşuşaxatirəsi və #shushamemories həştəqləri ilə sosial şəbəkələrdəki səhifələrində paylaşıblar. “Facebook” və “Instagram”dakı “Bir Könüllü” səhifələrində paylaşılan Şuşaya aid məlumatlar və fotolar böyük maraq doğurub. Həmin məlumatlar, şəkillər, videolar sosial şəbəkələrdə 100 mindən çox baxış sayı toplayıb.
Aksiya çərçivəsində şuşalılarla görüşlər də təşkil olunub. Şuşadan olan məcburi köçkünlər doğma şəhərlərindəki yaşayışlarını əks etdirən şəkilləri, xatirələrini tələbə-könüllülərlə bölüşüblər. Şuşalıların doğma yurdları barədə xatirələri əsasında 15 dəqiqəlik videoçarx da hazırlanıb (www.shushamemories.konullu.edu.az).
Qeyd edək ki, “BİR” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 21 mindən çox üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib.

Sosial 2019-05-13 19:44:00