×
A
A
A
Sazlamalar

Klopp bizim dostumuz deyil, yaxud həqiqət daha qiymətlidir

“Çelsi” – “Arsenal” matçı ərəfəsində düşüncələr

Bakı, 13 may, AZƏRTAC
Mayın 29-da Bakı Olimpiya Stadionunda futbol üzrə Avropa Liqasının final matçı oynanılacaq. Bununla bağlı qərar təxminən bir il əvvəl UEFA tərəfindən qəbul edilib. Azərbaycan bu möhtəşəm idman bayramının keçirilməsinə hazırlaşıb, yerli azarkeşlər isə Bakıda hansı komandaları görəcəkləri barədə ehtimallar irəli sürüblər. Azərbaycanın futbol həvəskarlarının çoxu finala “Çelsi” və “Arsenal” komandalarının çıxacağını proqnozlaşdırırdılar. Bu da təbiidir, çünki liqanın iştirakçıları arasında bu klublar daha adlı-sanlıdırlar.
Beləliklə, “Çelsi” – “Arsenal” Bakıya gəlirlər. Azərbaycan artıq dünya miqyaslı növbəti tədbirlərin keçirilməsi ərəfəsində öz ünvanına müxtəlif ittihamların, böhtanların və təhlükəsizliklə əlaqədar qiymətləndirmədə qərəzli fikirlərin ünvanlanmasına alışıb. Adətən bu ittihamlar tədbirlərdən daha çox əvvəl meydana çıxırdı. Bu dəfə bədxahlarımız şübhəli şəkildə oturub son məqamadək gözləyiblər. Finala təxminən iki həftə qalmış isə, Azərbaycana qarayaxma üzrə növbəti kampaniyaya başlanılmasının siqnalı verilib. Əlbəttə, buna da alışmaq olardı, lakin ölkəmiz bu cür hücumlara həmişə konkret işlə cavab verib.
2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunları bir sıra ölkələrin rəhbərlərinin və mütəxəssislərin qənaətinə görə, heç də Olimpiya Oyunlarından pis deyil, bir sıra məqamlarda isə, daha yaxşı təşkil olunmuşdu. Amma bu Oyunların ərəfəsində Azərbaycanda nə qədər çox çirkab atılmışdı. Bakı artıq dörd ildir ard-arda Formula 1 mərhələsini uğurla keçirir. 2012-ci ildə ölkəmizin paytaxtı “Eurovision” mahnı müsabiqəsini təşkil edib. Bir çox iştirakçıların və qonaqların rəyinə görə, Azərbaycan bu musiqi müsabiqəsinin təşkilinin səviyyəsinə görə tədbiri keçirən bir çox ölkələrdən üstün olub. 2016-cı ildə keçirilmiş IV İslam Həmrəyliyi Oyunları, yüksək səviyyədə təşkil olunmuş çempionatlar və dünya kubokları, dünya miqyaslı siyasi, humanitar forumlar göstərir ki, beynəlxalq təşkilatlar tədbirlərin keçirilməsi yerinin seçilməsində Azərbaycana üstünlük verirlər. Son 15 ildə Azərbaycanda təşkil edilmiş dünya, Avropa miqyaslı bütün tədbirləri saysaq, buna bir qəzet səhifəsi də yetməz.
Daha bir əhəmiyyətli məqamı xatırlatmaq lazımdır. Bakıda NATO və Rusiyanın hərbi komandanlıqlarının bir neçə görüşləri keçirilib. Bu faktlar və ölkəmizin həmin tədbirlərin keçirilməsi üçün seçilməsi Azərbaycanın necə etibarlı ölkə olduğunu göstərir.
Bütün dünya çılğın britaniyalı azarkeşlərin stadionlardakı davranışına çox yaxşı bələddir. Bu azarkeşlər başqa ölkələrə uçduqda isə, qanun keşikçiləri onların gəlişinə xüsusi hazırlıq görürlər. Əlbəttə, Azərbaycan da bu məsələdə istisna deyil.
İnternetin yaranması dünyanın virtual xəritəsini daha da kiçildib. Biz axtarış sistemində təkcə üç sözü – “Londonun kriminal rayonları” kəlmələrini yığırıq. Cəmi 0,33 saniyə ərzində axtarış sistemi bizə 1,5 milyon xəbər təqdim edir. Turistlər üçün qorxulu xəbərdarlıqlar uyduran Böyük Britaniya XİN əməkdaşlarına da özgə gözündə saman çöpü axtarmaqdan əvvəl bu siyahıya nəzər yetirməyi məsləhət görürük. Londonun ən təhlükəli rayonları - İslinqton, Kensinqton və Çelsi, Kamden, Hakni, Lambet, Tauer-Hamlets, Hammer-Smit, Fulemə rast gəlirik. Biz Bakı üçün də eyni axtarışı veririk. Axtarış edən 0,44 saniyə ərzində 382 min məlumat tapıb. Bu xəbərlərdə biz məsləhət görülməyən, yaxud təhlükəli olaraq göstərilən bir konkret məkana da rast gəlmədik.
Əgər SSRİ dövründə Bakıda harada gəzməyin təhlükəli olduğunu soruşsaydılar, yerli sakinlər iki-üç yerin adını çəkərdilər. Bu gün isə paytaxtımızda, həm də bütün Azərbaycanda bu cür yerlər yoxdur. Gecə saat üçdə siz Bakıda sakitcə öz qız rəfiqənizə çiçək ala, onunla qəhvə içə, küçələrdə və parklarda gəzə bilərsiniz və kimsə sizə barmağı ilə toxunmaz. Avropa paytaxtlarının demək olar ki, əksəriyyətində kriminal və çox təhlükəli rayonlar var. Çempionlar Liqasının finalının keçiriləcəyi həmin Madrid də heç də mələklər şəhərinə bənzəmir.
Azərbaycan xalqı qonaqpərvər və işgüzardır. Azərbaycanlıların qonaqsevərliyi haqqında əfsanələr dolaşır və biz bununla fəxr edirik. Bakıda və ölkənin digər ərazilərində çoxlu otellər, restoranlar, kafelər fəaliyyət göstərir. Burada hər bir turist özünü evindəki kimi hiss edir.
2020-ci ildə Tokioda Olimpiya Oyunları keçiriləcək. Efiopiyalı, sudanlı və ya argentinalı idmançıların oraya necə uçub çatacağı haqqında kimsə düşünübmü? Yəqin ki, yox. Bu nöqteyi-nəzərdən finalçı komandaların üzvlərinin və azarkeşlərinin Bakıya necə gələcəkləri haqqında məsələnin “Liverpul” klubunun baş məşqçisi Yurgen Kloppu belə qayğılandırması heyrətamizdir. Doğrudanmı o, Tokio Olimpiadası ərəfəsində də Böyük Britaniya yığmasını uzaq məsafəyə uçmaqdan çəkindirəcək. “Liverpul”un baş məşqçisinin mövqeyi və rəyi çox anlaşılmazdır. O özü Dortmundun “Borussiya” komandasına başçılıq etdiyi vaxt Bakıya gəlib. Həmin vaxt məşqçi Bakı haqqında, uzaq məsafəyə uçuş barədə, otellərlə bağlı heç bir mənfi fikir söyləməyib. Onun paytaxtımıza gəlməsindən 9 il sonra da həmin məsafə dəyişməyib. Əgər paytaxtımız Klopp üçün dünyanın o biri başıdırsa, Bakı üçün də London planetin o biri ucu və Avropanın ucqar yeridir. Hər kəs özünün yerləşdiyi ərazi baxımından fikir yürüdür. Əgər hər bir tədbir, idman yarışları üçün reyslər açılsaydı, onda təyyarələr də bəs etməzdi.
Düşünürəm ki, oyunçularının “Barselona” üzərində qələbəsindən sonra Kloppda başgicəllənməsi yaranıb. O, indi hesab edir ki, hamını və hər şeyi, o cümlədən UEFA-nın qərarını da tənqid edə bilər.
Mayın 9-da Bakı stadionunun meydançasına 22 futbolçu çıxacaq. Ən yaxşı halda onlardan 7-8-i ingilis olacaq. 1966-cı ildə isə Dumanlı Albionda keçirilən dünya çempionatının final matçında İngiltərə və AFR yığmaları qarşılaşıb və meydan sahiblərinin komandasının tərkibində meydançaya çıxanların hamısı ingilislər olub. Matç iyulun 30-da “Uembli” stadionunda keçirilib və ona 98 min tamaşaçı baxıb.
Futbolun banilərinin tarixində ilk və son dəfə olaraq onların kapitanı dünya kubokunu öz başının üzərində qaldırıb. Azərbaycanın bu matça aiddiyyətinin nə olduğunu isə bir sözlə ifadə etmək olar – Tofiq Bəhramov. Əfsanəvi həmyerlimiz özünün obyektiv hakimliyi ilə ingilislərə dünya çempionu olmaqda “kömək” edib. Tofiq Bəhramovu İngiltərədə sevirlər, ona hörmət edirlər, əfsanə kimi öz dünya çempionları qədər ehtiram bəsləyirlər.
2004-cü il oktyabrın 14-də Bakıda keçirilən dünya çempionatının silsilə seçmə oyunları çərçivəsində Azərbaycan və İngiltərə yığmaları arasında matç ərəfəsində hazırda məşhur hakimin adını daşıyan stadionun girişində onun futbol qarşısında xidmətlərinə hörmət əlaməti olaraq heykəli açılıb. Lakin o vaxt 3 min ingilis azarkeşinin geyim forması hamını heyrətə saldı. Şiddətli yağış və pis hava şəraitinə rəğmən, ingilis azarkeşlər öz yığmalarının milli formasını geyinmişdilər, onların hamısının arxasında isə “Tofiq Bəhramov” yazılmışdı.
Yurgen Klopp hər hansı bir ingilis komandası ilə çempionlar liqasının 10 titulunu da qazana bilər, lakin Dumanlı Albionun azarkeşlərinin əksəriyyəti üçün “Bakı”, “Azərbaycan” və “Bəhramov” qələbə, futbola sevgi rəmzi olacaq və bu həmişəlikdir.


Ziyadxan Həsənov
AZƏRTAC-ın müxbiri

Siyasət 2019-05-13 17:59:00