×
A
A
A
Sazlamalar

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilir

Vakant vəzifələr əsasən probasiya, icra və qeydiyyat sahələrində, habelə regional ədliyyə idarələrindədir

Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə qulluğa qəbulla bağlı elan olunmuş builki açıq müsabiqədə iştirak edən hüquqşünaslarla test imtahanı keçirir.
AZƏRTAC xəbər verir ki, aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin izlədikləri test imtahanı vahid auditoriyada – Azərbaycan Texniki Universitetinin idman sarayında təşkil olunub. İmtahanda 300-dən çox hüquqşünas iştirak edir.
İmtahanın gedişi Ədliyyə Nazirliyinin internet səhifəsində onlayn rejimdə birbaşa yayımlanır.
Ədliyyə Nazirliyi Müsabiqə Komissiyası sədrinin müavini, nazirliyin kadrlar idarəsinin rəisi Rauf Məhərrəmov bildirib ki, test imtahanında iştirak etmək üçün yalnız müvafiq elektron ərizənin təqdim olunması kifayət edib. Namizədlərin əksəriyyəti gənclərdir. İmtahanda bütün regionlar təmsil olunur və hər üç iştirakçıdan biri qadındır. Namizədlərin yarısı əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarında başlamaq istəyənlərdir. Onların imtahanlara hazırlaşmaları üçün nazirliyin Ədliyyə Akademiyasında hazırlıq kursları təşkil edilib.
Ədliyyə orqanlarında vakant vəzifələr əsasən probasiya, icra və qeydiyyat sahələrində, habelə regional ədliyyə idarələrindədir. Bu ştat vahidlərinin sayı təxminən 100-dən çoxdur.
Üç saat davam edəcək test imtahanında namizədlərin hüquqi biliklərini və məntiqi nəticə çıxarma qabiliyyətini və ümumi dünyagörüşünü müəyyənləşdirmək üçün verilən test tapşırığı 100 sualdan ibarətdir. Test imtahanının yekununa görə, mümkün 90 baldan 55 və daha çox bal toplamış namizədlər uğur qazanacaqlar.
Nəticələr imtahandan dərhal sonra Ədliyyə Nazirliyinin (www.justice.gov.az) və Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) internet saytlarında, həmçinin nazirliyin binasında xüsusi monitorda yerləşdiriləcək.
İmtahandan müvəffəqiyyətlə keçən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaqlar və onlarla fərdi qaydada söhbətlər aparılacaq.

Sosial 2019-05-11 12:37:00