×
A
A
A
Sazlamalar

Heydər Əliyev bəşər tarixinin nadir şəxsiyyətlərindəndir

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Şuşa Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı ilə birlikdə “Nəsillərə nümunə olan şərəfli ömür yolu” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbir Emin Məmmədlinin ifasında “Zirvə” mahnısı ilə başlayıb. Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan film təqdim edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli və müdrik şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Heydər Əliyev bəşər tarixinin nadir şəxsiyyətlərindəndir ki, onun özündən sonra qoyub getdiyi ideyaları nəinki doğma məmləkətimiz üçün, o cümlədən dünya ölkələri üçün də böyük əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün mərhələlərində öz xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşayıb, özünün zəngin və mənalı həyatı boyu daim xalqını, doğma Vətənini düşünüb, onun inkişafı üçün əzmlə çalışıb və üzləşdiyi çətinliklərdən xilas etmək üçün fədakarlıq göstərib. Bu gün minnətdarlıq hissi ilə qeyd etmək olar ki, müstəqil Azərbaycanın mövcudluğu, qüdrətli bir ölkə kimi təşəkkülü Heydər Əliyev siyasətinin bəhrəsidir və biz hamımız bunun üçün dahi şəxsiyyətə borcluyuq.
Tədbirdə YAP sıralarına qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub. Ulu Öndərin ad günü ilə bağlı keçirilən şahmat yarışının qalibləri, futbol turnirinin qalib komandaları, eyni zamanda, “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində III yerin qalibi mükafatlandırılıb.

Daxili siyasət 2019-05-10 21:05:00