×
A
A
A
Sazlamalar

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları Ulu Öndərin xatirəsini yad ediblər

Bakı, 10 may, AZƏRTAC 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivi mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində Heydər Əliyev Muzeyini ziyarət edib, dahi şəxsiyyətin irsini nümayiş etdirən zəngin ekspozisiya ilə tanış olublar.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə reallaşdırılmış bu təşəbbüs sayəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsində çalışan mütəxəssislər müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin həyatı və peşəkar fəaliyyəti ilə yaxından tanış olmaq, onun əziz xatirəsini yad etmək imkanını əldə ediblər. Bununla yanaşı, qurumun rəhbərliyi və kollektivi tərəfindən Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.
“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” - deyən ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti xalqla, Azərbaycan dövləti ilə bağlı olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir çox təhlükələr qarşısında qalanda məhz ümummilli lider Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində ölkədə köklü dəyişiklikləri həyata keçirmək mümkün olub. Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən edib, inkişafın Azərbaycan modelini yaradıb. Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz bir insan olan dahi şəxsiyyət Heydər Əliyevin həyatı gənclər üçün əsl nümunədir.
Ulu öndər Heydər Əliyev daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə qürur duyduğu və gələcək nəsillər üçün miras qoyduğu doğma yurdu – Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmağa müvəffəq olub. Ümummilli Lider Azərbaycanın adını bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və əbədi olaraq yazıb. Bu gün hər bir tikinti işçisi, layihəçi və memar fərəh duyur ki, ulu öndər Heydər Əliyev kimi memarı olan gözəl bir ölkədə yaşayır, işləyir və çalışır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi və hər bir əməkdaşı Ümummilli Liderin siyasətini ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin ölkənin davamlı və hərtərəfli inkişafına, beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə və respublika əhalisinin həyat şəraitinin yüksəlməsinə hədəflənən fəaliyyətinə hər zaman dəstək olaraq qarşıya qoyulan vəzifələrin ən yüksək səviyyədə yerinə yetirmək üçün bütün səylərini və qüvvəsini səfərbər edəcək.
“Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcək” - deyən ulu öndər Heydər Əliyev xalqın yaddaşında öz layiqli yerini tutaraq, daim qəlblərdə yaşayacaq.

Tikinti̇ 2019-05-10 19:20:00