×
A
A
A
Sazlamalar

Müdafiə Sənayesi Nazirliyinin məhsulları Belarusda keçirilən “MILEX-2019” sərgisində nümayiş etdiriləcək

Bakı, 10 may, AZƏRTAC 

Mayın 15-də Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə Minskdə “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi keçiriləcək. Dörd gün davam edəcək sərgi çərçivəsində VIII müdafiə və təhlükəsizlik sahəsində hərbi-texniki əməkdaşlıq sualları üzrə beynəlxalq elmi konfransın keçirilməsi də planlaşdırılır.
Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, tədbirdə MSN də təmsil olunacaq. 2001-ci ildən etibarən iki ildən bir keçirilən “MILEX” sərgisinə MSN bu günə qədər rəsmi heyətlə qatılıb. İştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən hesab olunan bu sərgidə nazirlik ilk dəfə stendlə təmsil olunacaq və məhsullarını nümayiş etdirəcək. Bununla bağlı müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Minskdə səfərdə olacaq.
Hərbi təyinatlı məhsulların istehsalında daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac imkanlarının genişləndirilməsini də nəzərə alan MSN “MILEX-2019”da əsasən ixrac yönümlü məhsulları nümayiş etdirəcək. Bu məhsullardan snayper tüfənglərini, avtomatları, hücum pulemyotlarını, qumbaraatanları, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və s. göstərmək olar.
Əməkdaşlıq əlaqələrinin genişləndirilməsində böyük fürsətlər yaradacaq sərgidə müvafiq qurumlarla hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.
Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Belarusun dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.
Müdafiə Sənayesi Nazirliyi bu günədək 40-dan çox beynəlxalq sərgiyə qatılıb və məhsullarını nümayiş etdirib.

Sosial 2019-05-10 18:59:00