×
A
A
A
Sazlamalar

Ulu öndər Heydər Əliyevin xatirəsi AZƏRTAC-da ehtiramla anılıb

Bakı, 10 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar mayın 10-da Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) tədbir keçirilib.
Tədbirdən əvvəl Ulu Öndərin agentliyin binasının foyesindəki abidəsi önünə gül dəstələri qoyulub.
Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışıb. Bildirib ki, 1993-cü ildə Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoydu. Ölkə həyatının bütün sahələrində böyük canlanma yarandı. Hüquqi, dünyəvi, demokratik milli dövlət quruculuğu prosesi başlandı, beynəlxalq əlaqələrin mükəmməl sistemi quruldu.
Dahi Heydər Əliyevin bütün həyatını xalqa sədaqətlə xidmət işinə həsr etdiyini vurğulayan
İdarə Heyətinin sədri qeyd edib ki, Ulu Öndərin müdrik xarici siyasəti Azərbaycanın dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara, uzaqgörən strategiyaya əsaslanırdı. Ümummilli Liderin beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımları, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və gələcəyi baxımından mühüm rol oynayırdı.
Vurğulanıb ki, Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev xalqımızın qəlbində özünə əbədi bir abidə ucaldıb. Bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Hər birimiz bugünkü firavan həyatımıza, xoş gələcəyimizə görə əbədiyaşar liderimizə borcluyuq. Böyük Öndərimizin əsasını qoyduğu uğurlu strategiyanı hazırda onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev müvəffəqiyyətlə inkişaf etdirir və zənginləşdirir.
Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən İdarə Heyətinin sədri deyib ki, 1993-cü ildən 2002-ci ilədək Ümummilli Liderin yerli və xarici səfərlərinin böyük əksəriyyətində müxbir kimi iştirakı həyatının ən unudulmaz anlarıdır.
Tədbirdə digər çıxış edənlər Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən danışıb, onun xilaskarlıq missiyasından, Azərbaycanın elminə, mədəniyyətinə, idmana, xüsusən gənclərə qayğısından söhbət açıblar.
Sonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə AZƏRTAC həmkarlar ittifaqı komitəsinin təşkil etdiyi şahmat, dama və nərd yarışlarının qalibləri mükafatlandırılıb.

Daxili siyasət 2019-05-10 20:00:00