×
A
A
A
Sazlamalar

“Təbiətdən tarixə” beynəlxalq keramika simpoziumuna sayılı günlər qaldı

Bakı, 10 may, AZƏRTAC 

Respublikanın əsas turizm regionlarından biri olan Şəki şəhəri və orada fəaliyyət göstərən unikal “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi keramika sənəti sevənləri qarşılamağa hazırlaşır. Belə ki, mayın 20-dən iyunun 2-dək Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində keçiriləcək “Təbiətdən Tarixə” beynəlxalq keramika simpoziumunda bir çox ölkələrdən peşəkar keramistlər iştirak edəcəklər. İki həftə davam edəcək simpoziumda iştirakçılar layihənin kuratoru, məşhur keramist Mir Teymur Məmmədovun başçılığı ilə heykəltəraşlıq kompozisiyaları üzərində çalışacaqlar.
Bu barədə AZƏRTAC-a “ABAD”dan məlumat verilib.
Məlumata görə, simpoziumda iştirak üçün dünyanın 22 ölkəsindən bir çox müraciətlər qəbul edilib. İştirakçıların qeydiyyatı tədbirin rəsmi veb-saytı (https://ceramicsymposium.org/az/) vasitəsilə aparılıb.
Seçim prosesi əsasında 14 ölkədən 26 sənətkar-keramist seçilib. Beləliklə, simpoziumda Türkiyə, Rusiya, Ukrayna, Polşa, Çexiya, Latviya, İraq, Norveç, Braziliya, Tunis, Banqladeş, İordaniya, Qırğızıstan, Monqolustandan olan keramistlər iştirak edəcəklər.
Xatırladaq ki, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə ötən il oktyabrın 29-da olub.

Sosial 2019-05-10 17:41:00