×
A
A
A
Sazlamalar

“Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” mövzusunda tədbir keçirilib

Bakı, 10 may, Həsrət Mahmudova, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə mayın 10-da Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində “Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, deputat Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “Space” Müstəqil Teleradio Şirkətinin prezidenti, Əməkdar incəsənət xadimi, kinorejissor Vaqif Mustafayev, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Mərkəzin direktoru Rəvanə Həşimova tədbirdə çıxış edərək ölkəmizdə gənc nəslin fiziki və mənəvi tərbiyəsini, onların milli vətənpərvərlik ruhunda yetişməsini, yüksək intellektə sahib olmalarını daim diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasətinin uğurla reallaşdırılması nəticəsində qazanılan nailiyyətlərdən söz açıb.
Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib ki, xalqımızın müstəqil və güclü dövlətə sahib olmaq arzusunun XX əsrin sonlarında gerçəkləşməsi və müasir müstəqil Azərbaycan dövlətinin qurulması, onun uğurlu siyasi əlaqələrinin yaradılması dünya tarixində silinməz iz qoymuş dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin ötən əsrin 70-ci illərində respublikaya rəhbərlik etdiyi dövrdə bütün sahələrdə inkişafa nail olunması üçün göstərdiyi misilsiz fədakarlıq və qətiyyət müstəqilliyin bərpasından sonra Azərbaycana qarşı silahlı təcavüz və ölkə daxilində baş verən vətəndaş qarşıdurmasına baxmayaraq, müstəqilliyin qorunmasına və Azərbaycanın dinamik inkişaf yoluna çıxmasına şərait yaradıb.
Ümummilli Liderin hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdığını vurğulayan Y.Məmmədəliyev bildirib ki, məhz Ulu Öndərin təşəbbüsü və qətiyyəti sayəsində Azərbaycan SSR-in Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması ilə bağlı müddəa əksini tapdı. Dahi şəxsiyyət Azərbaycan rəhbərliyinə seçildikdən dərhal sonra ilk tədbirlərdən biri kimi gəncləri SSRİ-nin ali təhsil müəssisələrində oxumağa göndərdi. Qısa müddətdə SSRİ-nin qabaqcıl universitetlərində oxuyan azərbaycanlı tələbələrin sayı 50 nəfərdən 1000 nəfərədək artdı. Həmin şəxslər bu gün Azərbaycanın sosial-iqtisadi, mədəni, elmi inkişafında aparıcı rol oynayırlar. Ümummilli Liderin qətiyyəti sayəsində Azərbaycanda hərbi təmayüllü məktəbin yaradılması və ona xalqımızın görkəmli oğlu Cəmşid Naxçıvanskinin adının verilməsi də bu baxımdan xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, bütün bunlar əbədiyaşar liderin ölkə gənclərinin yüksək intellektli, vətənpərvər şəxsiyyət kimi yetişmələrinə ali diqqət və qayğısının göstəriciləridir.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, Ulu Öndər tərəfindən əsası qoyulan gənclər siyasəti gənc nəslin mənəvi-əxlaqı tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına, zəngin elmi potensialının yaradılmasına şərait yaradıb. Bu sahədə imzalanan fərman və sərəncamlar, qəbul edilən qanun və qərarlar, atılan addımlar nəticəsində gənclərin inkişafı üçün daha səmərəli şəraitin yaradılması gənclərlə dövlət arasında bağların daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Bu gün Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif istiqamətlərdə aparılan köklü islahatlar, eləcə də Birinci vitse-prezident Mehriban xanın Əliyevanın bilavasitə diqqət və qayğısı gənclərimiz üçün çox geniş imkanlar açıb. Ulu Öndərimiz bizə müstəqil Azərbaycanı və zəngin mənəvi irs miras qoyub. Müasir Azərbaycan gənclərinin borcu bu mirası qorumaqdır. Bugünkü Azərbaycan gəncliyi yüksək təhsilə yiyələnməli, dövlətin layiqli vətəndaşı olmalıdırlar. Əminəm ki, Heydər Əliyevin zəngin mənəvi irsi Azərbaycan gəncliyini müstəqilliyinin möhkəmlənməsinə, ölkəmizin inkişafına və milli maraqlarının təmin olunmasına bundan sonra da ilhamlandıracaq.
“Space” Müstəqil Teleradio Şirkətinin prezidenti, Əməkdar incəsənət xadimi, kinorejissor Vaqif Mustafayev çıxışında ümummilli lider Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb, dahi şəxsiyyətin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını bildirib. Ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olduğunu deyən V.Mustafayev 1990-cı illərdə dahi rəhbərin ölkəmizi bütün sahələrdə yaşanan dərin tənəzzüldən dinamik inkişaf yoluna çıxardığını bildirib. Dahi rəhbərin ordu quruculuğu, iqtisadiyyatın, mədəniyyətin, elmin və digər sahələrin inkişafına yüksək diqqət və qayğısından söz açan kinorejissor ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr etdiyi filmlərindən danışıb.
Digər çıxışlarda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin gənclərə diqqət və qayğısından söhbət açılıb, dövlət-gənclər siyasətinin uğurla həyata keçirilməsindən bəhs olunub.
Sonda kinorejissor Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevə həsr olunan “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş etdirilib.

Sosial 2019-05-10 16:21:00