×
A
A
A
Sazlamalar

Bakıda Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü qeyd edilib

Bakı, 9 may, AZƏRTAC

Mayın 9-da Bakının Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində faşizm üzərində Qələbənin 74-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Böyük Vətən müharibəsi veteranlarının, Milli Məclisin deputatlarının, MDB ölkələrinin Azərbaycandakı səfirlərinin və digər akkreditə olunmuş nümayəndələrinin, hərbçilərin, gənclərin, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Böyük Vətən müharibəsində, həmçinin torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra əllərində MDB dövlətlərinin bayraqlarını tutmuş gənc şahinlərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündən fəxri keçidi olub.
Tədbirdə çıxış edənlər Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verdiyini, bu şanlı zəfərin əldə olunmasında çox böyük payı olan xalqımızın 640 mindən çox oğul və qızını cəbhəyə yola saldığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu bildirərək, həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyini vurğulayıb.
Çıxışçılar xalqımızın faşizmə qarşı mübarizədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərdiyini qeyd edərək, şanlı Qələbəyə neft Bakısının töhfəsinin də əvəzsiz olduğunu, müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddəüç hissəsinin, aviasiya benzini və yüksəkkeyfiyyətli motor yağlarının 85-90 faizinin Azərbaycanın payına düşdüyünü, Qələbənin qazanılmasında həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyətinin Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirildiyini diqqətə çatdırıb. Onlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşdığını, məhz Ulu Öndərin diqqət və qayğısı nəticəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqlarının özlərinə qaytarıldığını və bu dahi şəxsiyyətin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə Qələbə Gününün qeyd olunduğunu söyləyiblər. Ulu Öndərimizin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən çıxışçılar ölkəmizdə müharibə veteranlarına göstərilən dövlət qayğısını sosial siyasətin əsas istiqamətlərindən biri kimi səciyyələndiriblər. Həmçinin Qələbə Günü ərəfəsində dövlətimizin başçısının Sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsinin bu qayğının bariz nümunəsi olduğu vurğulanıb.
Müharibə zamanı Bakıdakı hospitallarda vəfat etmiş, aralarında müxtəlif xalqların nümayəndələrinin də olduğu 1462 qəhrəman döyüşçünün dəfn edildiyi “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksinin dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını diqqətə çatdıran çıxışçılar ölkəmizin bütün sahələrdə, o cümlədən hərbi sahədəki nailiyyətlərini qeyd ediblər. Onlar mənfur düşməni hər an məhv etməyə qadir yenilməz və mütəşəkkil ordumuzun olduğunu bildirib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əminliklərini bildiriblər.
Tədbirdə veteranlar göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər.
MDB ölkələri səfirləri adından veteranları təbrik edən Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini qeyd edib. O, Azərbaycanın müharibə illərində möhtəşəm Qələbənin əldə olunmasına verdiyi layiqli töhfələri böyük qəhrəmanlıq adlandırıb.
Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, kompleksi ziyarət ediblər.

Sosial 2019-05-09 15:43:00