×
A
A
A
Sazlamalar

Daxili işlər naziri xidmətə qəbulla bağlı Qubada və Hacıqabulda sıra baxışları keçirib

Bakı, 8 may, AZƏRTAC 

Kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elanlara uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 3-də və 7-də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Quba və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində respublikanın Şimal, Aran və Cənub zonalarının ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışları keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aidiyyəti baş idarə və şəhər, rayon polis şöbələri rəislərinin də iştirak etdikləri sıra baxışlarında həmin bölgələrdə yaşayan, Post-Patrul Xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək istəyən 393 nəfər iştirak edib.
Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. İddiaçıların arasından daha hazırlıqlı olan 200 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib.
Tədbirdə çıxış edən nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, son illər ölkədə müşahidə edilən dinamik inkişafın təməlində xalq-iqtidar birliyinin, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasətinin, ictimai-siyasi sabitliyin dayandığını, bu istiqamətdə qazanılmış müsbət nəticələrin xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xatırladıb.
Nazir R.Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərəfli polis adını uca tutmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, göstərilən etimadı doğrultmalarını, öz üzərilərində səylə çalışmalarını tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Polis orqanlarında vakant olan post-patrul xidməti vəzifələrində xidmətə qəbulla bağlı növbəti tədbir mayın 13-də DİN-in Daxili Qoşunlarının Bərdə rayonundakı hərbi hissəsində keçiriləcək.

Sosial 2019-05-08 18:02:00