×
A
A
A
Sazlamalar

“Məxfi əsirlər” sənədli filmi təqdim olunub YENİLƏNİB

Bakı, 8 may, Ş.Abdullayeva, AZƏRTAC 

Mayın 8-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Məxfi əsirlər” sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, DTX-nin yaradıcı heyəti tərəfindən istehsal olunmuş filmdə Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına verdiyi müstəsna töhfələrdən bəhs olunur. DTX-nin arxiv sənədləri və zəngin faktoloji materialları əsasında ərsəyə gələn filmdə, həmçinin Avropa müqavimət hərəkatında göstərdikləri xüsusi şücaətə görə vaxtilə Fransa və İtaliya hökumətləri və hərbi komandanlıqları tərəfindən “Vətənpərvərin sertifikatı” ilə təltif edilmiş azərbaycanlı partizanların döyüş yolundan bəhs olunur.
Tədbirdə DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, xarici ölkələrin səfirləri və Bakıda akkreditə olunan diplomatik korpusun nümayəndələri, ASAN könüllüləri, gənclər və qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.
Əvvəlcə faşizmə qarşı mübarizədə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinossenarist Ramiz Fətəliyev bildirib ki, Azərbaycan xalqının qədim və zəngin milli-mənəvi dəyərləri var. Abidələrimiz, musiqimiz, mədəniyyətimiz bizim milli dəyərlərimizdir. Ancaq ən əsas və böyük dəyərlərimiz insanlardır. "Məxfi əsirlər" filmində də insan talelərindən bəhs olunur. Mənə elə gəlir ki, adamlar iki dəfə dünyasını dəyişirlər. Birinci dəfə həqiqi mənada, ikinci dəfə isə insanların yaddaşından silinəndə. Zəhra Quliyeva bu filmlə bir qrup insanı ikinci ölümdən qurtarıb, onların yaddaşlardan silinməsinə imkan verməyib.
Filmin quruluşçu rejissoru və ssenari müəllifi Zəhra Quliyeva çıxışında bildirib ki, azərbaycanlılar döyüşkən ruha, əyilməz iradəyə və böyük əzmə malik, öz torpağını canı bahasına qorumağa hazır olan vətən övladları kimi hər zaman seçiliblər. Bunun bariz və parlaq nümunəsi kimi İkinci Dünya müharibəsində insanlığa qarşı yönəlmiş faşizmin məhv edilməsində igid və qəhrəman azərbaycanlıların şücaətlərini xüsusi qeyd etmək lazımdır. Bu qanlı müharibədə 600 mindən çox azərbaycanlı iştirak edib. Onların təxminən yarısı Vətən uğrunda qəhrəmancasına həlak olaraq döyüş meydanlarından geri qayıtmayıb. Bunların içərisində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülənlərlə, təltif olunanlarla yanaşı, göstərdikləri tarixi fədakarlığa baxmayaraq, canları və qanları bahasına qazandıqları əsl qiymətlərini almayanlar da az deyil.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb. Bu gün də həmin siyasətin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müharibə iştirakçılarına, veteranlara və onların ailə üzvlərinə hərtərəfli diqqət və qayğı göstərilir. “Məxfi əsirlər” filminin ərsəyə gəlməsi də dövlətimizin bu sahədə yürütdüyü siyasətə verilən töhfədir. Təqdim olunan “Məxfi əsirlər” filmi ilə biz də dövlətimizə yararlı olmağa çalışmışıq. Filmin çəkilişləri Şamaxı, Zaqatala, Neftçala və Bakıda aparılıb.
“Məxfi əsirlər” filminin ərsəyə gəlməsində, ilk növbədə, dövlətimizin başçısı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bütün yaradıcı heyətin adından dərin təşəkkürümü bildirirəm.
Eyni zamanda, öz evlərinə alnıaçıq və üzüağ, qürurla geri qayıdan, lakin bu gün aramızda olmayan partizanlarımızın bugünkü tədbirimizdə iştirak edən ailə üzvlərinə, filmin yaradıcı heyətinə təşəkkür edirəm”, - deyə Zəhra Quliyeva bildirib.
Daha sonra filmə baxış olub. Orijinal rejissor yanaşması və operator çəkilişi, bədii quruluş səhnələri ilə zəngin olan modern formatda hazırlanmış film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Sosial 2019-05-08 16:24:00