×
A
A
A
Sazlamalar

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçilik tariximizin şanlı səhifəsidir

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin arzuları yalnız bir istiqamətə köklənmişdi. Ulu Öndərin xəyalında bəslədiyi müstəqilliyə nail olmaq arzusunu qəlbində daim yaşadaraq bütün ömrünü bu ideyanı həyata keçirməyə həsr etməsi buna parlaq sübutdur. Onun zəngin irsi ilə dərindən tanış olanda anlayırsan ki, zəkası tamamilə bir ideyaya, bir düşüncəyə istiqamətlənmişdi – azad, suveren, müstəqil Azərbaycanın qurulmasına. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi ulu öndər adlandırır. Amma etiraf edək ki, bütün bunlar onun milli təfəkkürümüzdə daşıdığı statusun yalnız müəyyən bir hissəsidir.
Bu fikirləri AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib.
YAP Suraxanı rayon təşkilatının sədri qeyd edib ki, zaman dəyişir, illər bir–birini əvəz edir, lakin tarixə çevrilmiş dahilərin qəlblərdə ucaltdığı heykəl, məxsus olduqları xalqın taleyindəki yeri və rolu dəyişməz mövqeyində qalır. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunub. Ulu öndər Heydər Əliyev bu gün həm də müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu kimi çağdaş tariximizə möhürünü vurub. Böyük strateqin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi və möhkəmləndirilməsi istiqamətində cərəyan edən proseslərin önündə getdiyini birmənalı olaraq təsdiqləyən faktlar kifayət qədərdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə qətiyyən biganə qalmayan ulu öndər Heydər Əliyev hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə müstəqilliyin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak edib. Respublikamızda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə atılıb. Naxçıvan MSSR-in adının dəyişdirilməsi, burada ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, muxtar respublikada SSRİ-nin saxlanılmasına münasibəti öyrənən referendumun boykot edilməsi və digər mühüm hadisələr deyilənlərin təsdiqidir.
Dahi rəhbərin lider kimi böyüklüyü həm də onun xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyev bütün zəngin və mənalı ömrünü Azərbaycan xalqına, Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa həsr edib. Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının üzləşdiyi sosial, iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı əlaqələri, eləcə də dünya birliyinə inteqrasiya prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada, Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil edirdi. Ümummilli Lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirirdi.
Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ölkənin ictimai–siyasi, sosial–iqtisadi, elmi–mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. 1994–cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, “Əsrin müqaviləsi”nin imzalanmasına, 1995–ci ildə Konstitusiyasının qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Dahi liderin düşünülmüş və müdrik siyasəti nəticəsində qısa zamanda Azərbaycan iqtisadiyyatı inkişaf etdi. Bununla da Azərbaycanın iqtisadi tərəqqisi başlanmış oldu. Azərbaycanın zəngin təbii resurslarının dünya bazarlarına çıxarılması, neft gəlirlərinin ölkəmizin hərtərəfli inkişafına, xalqımızın rifahının yüksəlməsinə sərf edilməsi Ulu Öndərin uzağa hesablanmış fəaliyyətində əsas yer tuturdu. Heydər Əliyev şəxsiyyəti bütün sistem və ölçülərin fövqündədir. Fəqət bu ucalıq onun böyük dövlət xadimi, böyük ictimai xadim və bütün bunların hamısından da əvvəl, böyük azərbaycanlı olması faktını qətiyyən kölgədə saxlamır. Bəli, Heydər Əliyev hər şeydən əvvəl zəmanəmizin ən böyük azərbaycanlısı idi və onun idealları bu həqiqətdən qida alırdı.
Ulu öndər Azərbaycan dövlətini qurdu, səsimizin, sözümüzün dünyada dəyərini artırdı. Müstəqil dövlətçiliyimizin dayaqlarını möhkəmləndirdi. Bu gün həmin o dayaqların möhkəm təməlləri üzərində gələcəyə, xoşbəxt Azərbaycana doğru inamla addımlayırıq. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Bu siyasət Azərbaycanı dünyanın nüfuzlu dövlətlərindən birinə çevirib. Azərbaycanda dünyaya nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantıdır.

Daxili siyasət 2019-05-08 13:02:00