×
A
A
A
Sazlamalar

Peşə Reabilitasiya Mərkəzinin gənc məzununa “Avropa könüllüsü” sertifikatı verilib

Bakı, 8 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin məzunlarından olan Çinarə Rəhimova Ankarada “Avropa könüllüsü” kimi fəaliyyətini uğurla başa vuraraq geri dönüb.
Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Xatırladaq ki, Naftalan şəhərindən gələrək Peşə Reabilitasiya Mərkəzində toxuculuq peşəsinə yiyələnən Ç.Rəhimova mərkəzdəki digər bir sıra gənclərlə bərabər “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı” çərçivəsində 15 gün müddətinə qardaş ölkədə peşə reabilitasiyası dərnəyində təcrübə kursunda olub. Toxuculuq bacarığı ilə diqqəti cəlb etdiyindən ona Avropa İttifaqının Avropa Könüllülük Proqramının “Əngəlsiz Gülümsə” layihəsi üzrə Ankarada təşkil olunan dərnəkdə könüllü əsasla öz peşəsini öyrətməsi təklif olunub.
Ç.Rəhimova Ankarada birillik müddətdə fiziki məhdudiyyətli insanlara öz bacarıqlarını öyrədib. O, həmçinin qardaş ölkədə dəfələrlə müxtəlif tədbir və sərgilərdə iştirak edərək, əl işlərini nümayiş etdirib. Ç.Rəhimovanın könüllülük fəaliyyəti yüksək qiymətləndirilərək, ona “Avropa könüllüsü” sertifikatı verilib.
Cari ilin yanvar-mart aylarında mərkəzin digər yetirmələri Aybəniz İsaqova, Aytəkin Şahməmmədova, Nübar Rəsulova və Leyla Rəsulova da 2 ay müddətində könüllü olaraq Ankara şəhərində sağlamlıq imkanları məhdud gənclər üçün dərnəklərdə öz bacarıqlarını öyrədiblər. Mərkəzin digər yetirməsi Elvin Ələkbərov isə Türkiyədə birillik könüllülük fəaliyyətini davam etdirir. O, Antalya şəhərində təşkil edilmiş peşə dərnəyində ağac üzərində oyma sənətini öyrədir.

Sosial 2019-05-08 12:31:00