×
A
A
A
Sazlamalar

Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri var

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Suraxanı rayonunda silsilə tədbirlərlə qeyd edilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Tədbirlər planına uyğun olaraq, Suraxanı rayonundakı Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi ziyarət edilib, parkda ağac əkilib, “Rənglərin festivalı” sərgisi ilə tanışlıq olub, rayon məktəblilərinin çəkdikləri rəsmlərin təqdimatı keçirilib.
Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzi, Ümummilli Liderin xatirəsinə həsr olunmuş rəsm, poçt markaları və kitab sərgiləri ilə tanışlıqdan sonra Ulu Öndər haqqında sənədli film nümayiş etdirilib. Sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev fenomeni və milli-mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edənlər bildiriblər ki, Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, Ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir. Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi ulu öndər Heydər Əliyevi görürük. Ulu Öndər Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirib, aşınmadan xilas edib. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan Ümummilli Liderimiz hər zaman bu məsələni diqqət mərkəzində saxlayırdı. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Ulu Öndərin milli-mənəvi dəyərlərimizə göstərdiyi münasibət hər birimiz üçün böyük məktəbdir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev adlı Ümummilli Lideri var.
Ümummilli Liderin anadan olmasının 96-cı ildönümü münasibətilə Heydər Əliyev Parkında rayon icra hakimiyyətinin və “Lider” televiziyasının birgə təşkil etdiyi konsert və atəşfəşanlıq olub.

Daxili siyasət 2019-05-07 20:20:00