×
A
A
A
Sazlamalar

İş yerlərində əməkhaqlarının minimum məbləğinin 180 manat müəyyən edilməsinə nəzarət olunur

Bakı, 7 may, AZƏRTAC 

Prezident İlham Əliyevin 2019-cu il 8 fevral tarixli Sərəncamına əsasən, ölkəmizdə əməkhaqlarının minimum məbləği martın 1-dən 180 manat müəyyən olunub. Bu o deməkdir ki, iş yerlərində minimum əməkhaqlarının məbləği 180 manatdan az ola bilməz. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Məlumata əsasən, bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin Elektron İnformasiya Sistemində əhatə olunub. Yəni həmin sistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqlarını real vaxt rejimində görməyə imkan verir. Əgər martın 1-nə qədər hansısa işəgötürən 180 manatdan aşağı məbləğdə əməkhaqqı müəyyən edibsə, martın 1-dən bu məbləğin 180 manata çatdırılması barədə işəgötürənlərin əvvəlcədən məlumatlandırılması həyata keçirilib.
Elektron sistemdə minimum əməkhaqqını həmin məbləğdən aşağı müəyyən etdiyi aşkar olunan hər hansı işəgötürənə qarşı qanunvericilik çərçivəsində ciddi cərimə tədbirləri nəzərdə tutulur.

Sosial 2019-05-07 16:30:00