Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qobustan rayonunun Sündü kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qobustan rayonunun Sündü kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 may 2019-cu il.

Sərəncamlar 2019-05-07 15:31:00