×
A
A
A
Sazlamalar

Sosial müdafiə sahəsində Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Bakı, 7 may, AZƏRTAC 

2014-2018-ci illər üzrə “Ölkə tərəfdaşlıq strategiyası” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Asiya İnkişaf Bankı (AİB) arasında müvafiq sahələr üzrə formalaşan müsbət əməkdaşlıq təcrübəsi yeni birgə iş sahələrinin müəyyən olunmasına imkan verir.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AİB-in Bakı ofisinin rəhbəri Nəriman Mannapbekov ilə nazirlikdə keçirilən görüşdə deyib.
S.Babayev Prezident İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramının nailiyyətləri barədə məlumat verib. O, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımları, sosial cəhətdən həssas qrupların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçün aparılan işləri diqqətə çatdırıb.
Nazir yaxın günlərdə açılışı nəzərdə tutulan ilk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi, “DOST” layihəsinin dövlət sosial xidmətlərinə gətirəcəyi innovativ yeniliklər barədə məlumat verib. Əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi üçün aparılan işləri qeyd edib. Sahil Babayev ölkəmizdə ilk proaktiv xidmət kimi cari ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış təyinatı sisteminə keçirildiyini, bu təcrübənin sosial təminat sisteminin bütün sahələri üzrə tətbiq ediləcəyini deyib. Görüş zamanı, həmçinin yeni yaradılan “e-sosial” internet portalının, “Məşğulluq” altsisteminin və s. üstünlükləri diqqətə çatdırılıb. S.Babayev AİB ilə əməkdaşlığın əhatə etdiyi istiqamətlərdə aparılan işlərin əhəmiyyətini vurğulayıb.
N.Mannapbekov təmsil etdiyi təşkilatın ƏƏSMN ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu qeyd edib. O, birgə layihələrin müsbət nəticələrinin olduğunu, əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Görüşdə “Ölkə tərəfdaşlıq strategiyası” çərçivəsində icra olunan “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində Asiya İnkişaf Bankının dəstəyinin gücləndirilməsi” layihəsinin, eləcə də məşğulluq siyasəti və əmək bazarını əhatə edən araşdırmaların nəticələri nəzərdən keçirilib. Gələcək əməkdaşlıq istiqamətlərinə, sosial müavinətlərin unifikasiyasına, dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsinə, pensiya sistemində islahatlara dair fikir mübadiləsi aparılıb.

Sosial 2019-05-07 14:47:00