×
A
A
A
Sazlamalar

“Dragon” kosmik yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib

Bakı, 6 may, AZƏRTAC

Mayın 4-də ABŞ-ın “SpaceX” şirkətinin “Falcon” raketdaşıyıcısı ilə Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan fəzaya buraxdığı “Dragon” kosmik yük gəmisi mayın 6-da Beynəlxalq Kosmik Stansiyaya birləşib.
AZƏRTAC Birləşmiş Ştatların Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli Agentliyinin (NASA) rəsmi saytına istinadla xəbər verir ki, birləşmə prosesi agentliyin saytında canlı olaraq yayımlanıb. Kosmik gəminin stansiyaya yaxınlaşdırılması və Harmony modullu qapağının açılması “Canadarm2” məsafədən idarə edilən aparatın vasitəsilə həyata keçirilib.
NASA-nın kosmosa göndərilən 17-ci kosmik yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya 2,5 ton ərzaq, avadanlıq və ekipaj üzvlərinin aparacaqları elmi tədqiqatlar üçün müxtəlif materiallar çatdırıb. Onların arasında karbon qazının səviyyəsini ölçən Obcervatory-3 cihazı və Houston-6 kosmik test proqramı da var. NASA-dan bildiriblər ki, astronavtlar yeni texnologiyalar vasitəsilə Yerin atmosferindəki karbon qazının və rentgen şüalanmasının səviyyəsini ölçəcəklər.
Xatırladaq ki, NASA bu uçuş zamanı artıq 2017-ci ildə kosmosda olmuş və uğurla Yerə qayıtmış “Dragon” zondundan istifadə edib.

Texnologiya 2019-05-06 19:14:00