×
A
A
A
Sazlamalar

Bakıda sənaye məhsulunun 15,4 faizi emal sektorunda istehsal edilib

Bakı, 4 may, AZƏRTAC

Birinci rübdə Bakıda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 9,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox sənaye məhsulu istehsal olunub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, sənaye məhsulunun 15,4 faizi emal sektorunda istehsal edilib. Əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə emal sektorunda qida məhsullarının istehsalı 32,7 faiz, içkilərin istehsalı 65,8 faiz, tütün məmulatlarının istehsalı 98,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,6 dəfə, geyim istehsalı 6,5 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 93,3 faiz, kağız və karton istehsalı 2 dəfə, poliqrafiya fəaliyyəti 3,7 faiz, neft məhsullarının istehsalı 1,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 68,1 faiz, əczaçılıq məhsullarının istehsalı 16,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 42,2 faiz, tikinti materiallarının istehsalı 0,3 faiz, elektrik avadanlıqlarının istehsalı 2,8 dəfə, maşın və avadanlıqlarının istehsalı 29,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 14,4 faiz, zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı 55,2 faiz, maşın və avadanlıqlarının quraşdırılması və təmiri işləri 23,8 faiz artıb.
Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 38,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 25,4 faiz, hazır metal məmulatlarının istehsalı 21,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 48,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,1 faiz, mebellərin istehsalı isə 42,1 faiz azalıb.

Sənaye 2019-05-04 12:18:00