Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Birinci rübdə 44,4 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilib

Bakı, 3 may, AZƏRTAC 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) 2019-ci ilin ilk rübündə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclas iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevin dəstəyi nəticəsində respublikada yol infrastrukturunun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü, ölkənin avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilməklə bir sıra nailiyyətlər əldə edildiyini söyləyib.
S.Məmmədov vurğulayıb ki, dövlət başçısının tapşırıq və sərəncamlarının icrası ilə əlaqədar olaraq tərtib edilmiş Tədbirlər Planına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən bu ilin ilk rübü ərzində 44,4 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları, həmçinin 48,4 kilometr Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və təmir olunub. Bundan başqa, bir yeni körpü tikilib, 5 körpü və bir yeraltı piyada keçidi isə təmir olunub.
İdarə heyətinin sədri əlavə edib ki, 2019-cu ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan kəndlərarası və Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarının tikintisi məqsədilə agentliyə ayrılmış vəsait hesabına 50 layihənin icrası davam etdirilir. Bunlardan 11 layihə Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarına, 39 layihə isə respublikamızın kəndlərarası avtomobil yollarına aiddir.
Qeyd olunub ki, daxili investisiya və xarici kreditlər hesabına isə hazırda 5 respublika əhəmiyyətli avtomobil yolu yenidən qurulur, bir yeni magistral yol inşa edilir, həmçinin 4 magistral avtomobil yolunun müəyyən hissələrinin yenidən qurulması, genişləndirilməsi və bərpası işləri aparılır, Rusiya ilə sərhəddə yerləşən Samur çayı üzərində yeni avtomobil körpüsü inşa edilir.
S.Məmmədov onu da diqqətə çatdırıb ki, cari ilin birinci rübündə Xəzər rayonu, Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5,4 kilometrlik Mərdəkan-Qala hissəsinin tikintisindən, 20,5 kilometrlik Mingəçevir-stansiya Mingəçevir-Bəhramtəpə (137 kilometr)-Beyləqan avtomobil yolunun isə yenidənqurmadan sonra Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimləri keçirilib. Açılışda tikintisi başa çatdırılmış, 39,4 kilometrlik Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun təqdimatı da keçirilib.
İclasın sonunda sədr qarşıda duran vəzifələrin icrası ilə bağlı aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tövsiyə və tapşırıqlar verib.

Tikinti̇ 2019-05-03 15:23:00