×
A
A
A
Sazlamalar

İndiyədək “Poçtap” sayəsində “Azərpoçt”un filial və şöbələrində 1333 sənəd qəbul edilib

Bakı, 2 may, AZƏRTAC

Bu vaxtadək “Poçtap” sayəsində “Azərpoçt” MMC-nin filial və şöbələrində 1333 sənəd qəbul olunub.
MMC-dən AZƏRTAC-a bildirilib ki, “Azərpoçt” tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən “Poçtap” xidməti artıq 2 ildir sənədini itirənləri sevindirir. “Poçtap” sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır. İndiyədək “Azərpoçt” tərəfindən qəbul olunmuş 1333 sənəddən 422-si sahibinə çatdırılıb, 887 sənəd isə aidiyyəti üzrə qurumlara təhvil verilib. Hazırda poçt filialları və şöbələrində 24 sənəd sahibini gözləyir.
Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyəti üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyəti orqana təhvil verilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi hər hansı poçt qutusuna ata və ya poçt şöbəsinə anonimliyini qorumaq şərti ilə təhvil verə bilər. Poçta daxil olan sənəd müvafiq proqramda qeydiyyata alınır və avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır. Şəxsin kontaktları tapılarsa həmin şəxslə əlaqə yaradılır.
Sənədini itirən şəxs “Poçtap” xidmətinin “www.pochtap.az” internet səhifəsindən, “169” saylı Çağrı mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə, tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirə bilər. Belə ki, “http://www.pochtap.az” internet səhifəsində “Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək, itirilən sənəd barədə elan yerləşdirmək mümkündür. Bundan başqa, itirilən sənədlə bağlı “Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filial və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün “Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək axtarış etmək mümkündür. Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş “169” Çağrı mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər. “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1 manat 80 qəpik xidmət rüsumu ödəyərək onu təhvil ala bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür. Vətəndaş sənədinin öz istəyi ilə hansısa ünvana çatdırılmasını istəyirsə, bu zaman rüsum “Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır.

İKT 2019-05-02 16:28:00