×
A
A
A
Sazlamalar

Yeni mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsuluna dair müzakirələr aparılıb YENİLƏNİB

Bakı, 2 may, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi" proqramı çərçivəsində mayın 2-də Bakıda "Təminat qeydi - Yeni mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu" mövzusunda dəyirmi masa keçirib.
AZƏRTAC xəbər verir ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə mütəmadi və sistemli islahatlar aparıldığını deyib. Bildirib ki, "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılan tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasının da ipoteka kreditləri vasitəsilə maliyyələşdirilməsi imkanı nəzərdə tutulub. Mülki Məcəlləyə əsasən, torpaq ilə bağlı hər hansı hüququn əldə edilməsinə yönələn tələbləri təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə təminat qeydi aparıla bilər.
GIZ-in proqram rəhbəri Thomas Meyer təminat qeydinin zərurəti üzrə Almaniya təcrübəsi barədə iştirakçılara ətraflı məlumat verib. Onun sözlərinə görə, Almaniyada təminat qeydinə oxşar "ilkin qeyd" adlı institut daşınmaz əmlak bazarında təhlükəsiz hüquqi dövriyyənin təmin edilməsi vasitəsi kimi geniş yayılıb və vaxtilə bu sahədə olan müəyyən neqativ halların qarşısının alınmasının bir üsulu kimi özünü doğruldub. Bu baxımdan, həmin təcrübədən Azərbaycanda həm qanunvericilik, həm də işgüzar dövriyyədə müvəffəqiyyətlə istifadə edilə bilər.
Tədbirdə təminat qeydinin məqsədi və tənzimləmə mexanizmi, torpaqla onun üzərində olan daşınmaz əmlakın hüquqi taleyinin vahidliyi, tikilməkdə olan binalarda yerləşən mənzillərin dəfələrlə satılması və mənzillərin tam hazır olmadan satılması ilə bağlı risklərdən müvafiq münasibət iştirakçılarının mühafizəsi, ödəmə öhdəliklərinin ipoteka ilə təmin edilməsi hallarında təminat qeydindən istifadə mexanizmləri müzakirə olunub. Tədbir işini "Təminat qeydinin zərurəti: Almaniya təcrübəsi və Azərbaycan perspektivləri" və "Təminat qeydi işgüzar və hüquqi dövriyyədə: Almaniya təcrübəsi və Azərbaycan perspektivləri" adlı sessiyalarla davam etdirib.
Sessiyalarda GIZ-in beynəlxalq ekspertləri Rolf Knieper, David Köniq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dövlət şəhərsalma kadastrı şöbəsinin müdiri Rəşad İsmayılov, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin hüquq şöbəsinin baş məsləhətçisi Elbəy Bababəyov, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin iqtisadi normativ aktlar idarəsinin məsləhətçisi Aytən Hacıyeva, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquq şöbəsinin müdiri Oqtay Həsənov, İpoteka və Kredit Zəmanət Fondunun baş direktoru İlham Kələşov mövzu ilə bağlı əsas məqamlara toxunublar.

Tikinti̇ 2019-05-02 10:37:00