×
A
A
A
Sazlamalar

“Azərbaycanda xristianlıq: keçmişdən bu günə” adlı kitab ingilis dilində nəşr olunub

Bakı, 1 may, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadənin “Azərbaycanda xristianlıq: keçmişdən bu günə” adlı kitabı ingilis dilində işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitabın ön sözünün müəllifləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən çap olunan kitabda xristianlığın və əsas xristian qollarının tarixi, inanc əsasları, ibadət şəkilləri barədə məlumat verilir. Bununla yanaşı, Azərbaycanda mövcud olan xristian konfessiyaların, dini cərəyan və icmaların etiqadi prinsipləri, onların ölkəmizdəki tarixi, sayı, etnik və yaş tərkibi, humanitar fəaliyyəti və mətbu orqanları haqqında ətraflı məlumat oxucuların diqqətinə çatdırılır. Müəllif ölkəmizdəki xristianlığın rəngarəng və çoxçalarlı tablosunu təsvir etməklə Azərbaycandakı multikultural mənzərəni canlandırır.
Kitabın mühüm əhəmiyyət kəsb edən fəsillərindən biri Alban Apostol Avtokefal Kilsəsi ilə bağlı olan hissədir. Bu fəsildə ermənilərin Qafqaz Albaniyası ilə bağlı əsassız iddialarına tutarlı cavab verilərək erməni yalanları ifşa olunur. Sözügedən tədqiqat əsərində ölkəmizin maddi-mədəni irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi, habelə Alban Həvari Kilsəsinin qədim dini ənənələrinin dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi mühüm tədbirlər barədə geniş məlumat verilməklə yanaşı, tarixi mənbələr əsasında xristian Alban məbədlərinin Azərbaycan xalqına məxsus olduğu sübuta yetirilir.
Kitab xristianlığın tədqiqatı ilə məşğul olan tarixçilər, dinşünaslar, bu mövzuya maraq göstərən KİV nümayəndələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Din 2019-05-01 16:28:00