×
A
A
A
Sazlamalar

Azərbaycan Prezidenti: Hazırda Bakıda 400-dək çoxmərtəbəli bina tikilir

Bakı, 1 may, AZƏRTAC 

Hazırda Bakıda 400-dək çoxmərtəbəli bina tikilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.
İnşaat sektorunun inkişafına daha böyük diqqət göstərilməsinin vacibliyini qeyd edən ölkə başçısı vurğulayıb: “İnşaat sektorunda hazırda canlanma var. İnşaat sektorunda minlərlə, on minlərlə insan işləyir. Hazırda Bakı şəhərində 400-ə yaxın çoxmərtəbəli bina tikilir. Bu, onu göstərir ki, bu sektorda çox böyük canlanma, irəliləyiş var, tikinti materiallarının istehsalı artır. Yəni, inşaat sektoru iqtisadiyyat üçün çox böyük əhəmiyyət daşıyan sahədir. Burada, əlbəttə ki, dövlət tərəfindən sahibkarlara tam dəstək verilməlidir, bütün bürokratik əngəllər aradan qaldırılmalıdır. Əlbəttə ki, sahibkarlar da dövlət nəzarəti altında bütün memarlıq və şəhərsalma qaydalarına əməl etməlidirlər”.
Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə birinci sosial evlər layihəsinin uğurla başa çatdığını bildirən Azərbaycan Prezidenti qeyd edib: “Yasamal yaşayış kompleksi istifadəyə verilib. Mən bu kompleksin açılışında olmuşam. İndi isə ikinci layihə icra edilir - Hövsan qəsəbəsində. Orada indi 3 minə yaxın mənzil inşa edilir. Bu qurum - MİDA mənim təşəbbüsümlə yaradıldı və məhz sosial məna daşıyan bir layihədir. Sosial evlərin tikintisi minlərlə ailənin mənzillə təmin edilməsi üçün şərait yaradır. Bu, minlərlə iş yeri yaradır və eyni zamanda, inşaat sektoruna böyük təkan verir. Yəni, təkcə bir yaşayış kompleksində 3 minə yaxın mənzilin tikintisi görün nə qədər insanı bu işlərə cəlb edir, nə qədər sahibkarı işlə təmin edir”.

Tikinti̇ 2019-05-01 12:12:00