×
A
A
A
Sazlamalar

“Azərpoçt”: Regional tranzit poçt mərkəzi vasitəsilə 19 minədək poçt 17 ölkəyə göndərilib

Bakı, 30 aprel, AZƏRTAC

Yanvar-mart aylarında regional tranzit poçt mərkəzi (HUB) vasitəsilə 19 minədək poçt həcmi 17 ölkəyə göndərilib.
“Azərpoçt” MMC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi, beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb. Bu imkanlardan istifadə edərək hazırda Azərbaycan Poçtunun ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi kimi fəaliyyət göstərməsi sahəsində 3 ildir ki, beynəlxalq layihə həyata keçirilir. Bu məqsədlə “Azərpoçt” MMC və geniş beynəlxalq aviadaşıma imkanlarına malik “Silk Way” aviaşirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb və 2016-cı ilin iyuludan fəaliyyətə başlanılıb.
Layihə dünyanın əsas yük mərkəzi olan Çin Xalq Respublikasında sifariş olunan e-kommersiya məhsullarının bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən “Silk Way” aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilməsini, “Azərpoçt” tərəfindən poçt kimi emal olunaraq MDB və digər ölkələrə daşınma və çatdırılmasını nəzərdə tutur.
Honqkonq şirkəti ilə bağlanmış müqavilə əsasında bu ilin birinci rübündə 4 min 892 kiloqram, yəni 18 min 891 ədəd poçt həcmi tranzit mərkəzdə emal olunaraq dünyanın 17 ölkəsinə göndərilib. Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Fransa, İran, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Lüksemburq, Özbəkistan, Rusiya, Türkiyə və Ukrayna kimi ölkələrə 11 min 230 ədəd sifarişli, 7 min 661 ədəd sadə kiçik paket poçt həcmi çatdırılıb.
Eyni zamanda, “Azərpoçt” MMC-nin EMS xidməti ilə Estoniya poçtu arasında bağlanmış müqavilə əsasında ABŞ və Almaniyadan daxil olan sürətli poçt göndərişləri “Azərpoçt” üzərindən Rusiyaya göndərilir. Hazırda layihə üzrə fəaliyyətin genişləndirilməsi məqsədilə Çin, Koreya Respublikası və Sinqapurda ekspress daşıyıcı kimi fəaliyyət göstərən digər şirkətlərlə də danışıqlar aparılır. Yaxın zamanlarda daha iri həcmlərdə e-kommersiya məhsullarının Azərbaycan üzərindən “Azərpoçt” MMC vasitəsilə xarici ölkələrə daşınması və çatdırılması planlaşdırılır.

İKT 2019-04-30 10:37:00