×
A
A
A
Sazlamalar

Sədaqət Qəhrəmanova: Azərbaycan kəndlərində 105 qadın öz biznesini inkişaf etdirir

Bakı, 29 aprel, Pərvanə Rəhimova, AZƏRTAC

Hazırda Azərbaycan kəndlərində 105 qadın öz biznesini inkişaf etdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Sədaqət Qəhrəmanova deyib.
“Ölkəmizdə 2011-ci ildən Qadın Resurs mərkəzlərinin yaradılmasına başlanılıb. Altı mindən çox qadın mühasibat uçotu və maliyyə savadlılığı, informatika, maliyyələşmə üsulları, qadınların insan hüquqları və iqtisadi hüquqları, habelə tərcümeyi-halın yazılması, təqdimat bacarıqlarının gücləndirilməsi və şəbəkələşmə kimi sahələrdə pulsuz təlimlərdən yararlanıb. Təlimlər yüzlərlə qadına qrant dəstəyindən istifadə edərək öz bizneslərini qurmaqda kömək edib. Artıq bu cür 9 mərkəz açılıb. Həmin mərkəzlər yeni iş yerlərinin yaradılmasına və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmasına böyük dəstəkdir. Bu təşəbbüs BMT-nin Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması qurumunun və BMT İnkişaf Proqramının (BMTİP) 2021-ci ilin iyul ayına qədər davam edəcək “Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin artırılması” adlı birgə layihəsi çərçivəsində həyata keçirilir. Azərbaycanda bu layihə AQUPDK ilə əməkdaşlıq yolu ilə BMTİP tərəfindən icra olunur”, - deyə S.Qəhrəmanova bildirib.

İqtisadiyyat 2019-04-29 19:36:00