×
A
A
A
Sazlamalar

Bərdədə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 25-26-da Bərdədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizdə mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsi, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təmini üçün görülən işlərdən danışılıb. Cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyi qeyd edilib.
Konfransda "Dini maarifçilik işində qadınlar" adlı təqdimat edilib. Ölkəmizin multikultural və tolerant dəyərlərinin qorunması və təbliğində cəmiyyətin, xüsusilə qadınların yeri və rolu qeyd olunub, hər bir qadının təhsilli olmasının, öz hüquqlarını bilməsinin, düzgün dini bilgilərə yiyələnməsinin, milli-mənəvi dəyərlərimizə bağlılığının cəmiyyətin sağlam gələcəyinin təminatı olduğu vurğulanıb.
“Erkən nikah və onun fəsadları” mövzusundakı təqdimatda erkən nikahla bağlı ölkə qanunvericiliyində təsbit olunan hüquqi prosedurlar, problemin yaranmasının səbəbləri, aparılan araşdırmalar və statistik göstəricilər haqqında ətraflı məlumat verilib.
“Xurafat: necə və nə etməli” mövzusundakı təqdimatda isə xurafat və onun törətdiyi fəsadlara toxunulub. Xurafatın cəmiyyətin inkişafına mane olduğu və onun qarşısının alınmasında maarifləndirmənin, islami dəyərlərin düzgün formada təbliğ edilməsinin əhəmiyyəti qeyd olunub.

Din 2019-04-26 18:50:00