×
A
A
A
Sazlamalar

Nəsimi Azərbaycan ədəbi dilinin inkişafına böyük təsir göstərib

Naxçıvan, 26 aprel, AZƏRTAC

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi klassik Azərbaycan poeziyasında öz yaradıcılıq yolu ilə seçilən, anadilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikasının Ədəbiyyat Muzeyində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, bu il Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi təkcə ölkəmizdə deyil, dünyada da müxtəlif tədbirlərlə qeyd edilir. İdealları uğrunda mübarizə aparan, hətta son nəfəsində də öz ideyasından dönməyən bu böyük tarixi şəxsiyyətin irsi altı əsrdir ki, öyrənilir.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə, yəni 1973-cü ildə UNESCO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi beynəlxalq miqyasda qeyd edilib. Həmin dövrdə Nəsiminin irsinin tədqiqi və adının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülüb. Bu gün AMEA-nın Dilçilik İnstitutu böyük şairin adını daşıyır. Paytaxt şəhərimizin bir rayonuna Nəsiminin adı verilib.
“2018-ci il noyabrın 15-də isə Prezident İlham Əliyev “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bu, böyük şair və mütəfəkkirə dövlət səviyyəsində verilən dəyərin və ehtiramın ifadəsidir. Eyni zamanda, Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsin təbliğinə də çox böyük töhfədir”, – deyən nazir diqqətə çatdırıb ki, 2019-cu il 11 yanvar tarixli Sərəncamla 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub.
Bildirilib ki, bu gün ölkəmizin hər yerində Nəsiminin bədii irsi ilə bağlı tədbirlər keçirilir. Muxtar respublikada da Nəsimi ilə bağlı müxtəlif səpkili silsilə tədbirlər təşkil edilir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Anadilli şeirimizin böyük ustadı”, Əməkdar elm xadimi, professor Hüseyn Həşimli “İmadəddin Nəsimi yaradıcılığının ideya-bədii xüsusiyyətləri” mövzularında çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, Nəsimi Azərbaycan ədəbi dilinin inkişafına böyük təsir göstərib, onu leksika, bədii ifadə vasitələri ilə zənginləşdirib. Nəsimi poeziyasının ideya-bədii xüsusiyyətləri onun davamçısı olan şairlərin yaradıcılığında aydın duyulmaqdadır.
Tədbirin bədii hissəsində dahi şairin qəzəlləri qiraət edilib. Sonra muzeyin ekspozisiyasına baxış olub.

Regionlar 2019-04-26 16:31:00