×
A
A
A
Sazlamalar

Suraxanı rayonunun 5 qəsəbəsində yollar təmir edilir

Bakı, 26 aprel, AZƏRTAC
Bakının Suraxanı rayonunun 5 qəsəbəsini əhatə edən yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində layihələr icra edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, artıq uzunluğu 1,5 kilometrə malik 3 küçədə təmir işləri yekunlaşıb. Bu, Hövsan qəsəbəsində Bağça küçəsi (uzunluğu 520 metr), Yeni Suraxanı qəsəbəsində Aşağı qəsəbə küçəsi (uzunluğu 170 metr) və Əmircan qəsəbəsində Atamoğlan Rzayev küçəsidir (uzunluğu 800 metr). Təmir olunan sahə təqribən 10 min kvadratmetrdir.
Hazırda isə Bülbülə qəsəbəsində 2 küçənin - 700 metr uzunluğa malik Vüqar Bədəlov və 3 kilometr uzunluğunda olan Samir Əliyev küçələrinin təmiri davam etdirilir.
Yaxın müddət ərzində isə rayonun daha 4 küçəsində təmir işlərinə başlanılması planlaşdırılır. Bu, Əmircan qəsəbəsində 2,5 kilometr uzunluğa malik “5-ci döngə” küçəsi, Bülbülə qəsəbəsində 2 kilometr uzunluğu olan 1-ci Bülbülə və Deputat küçələri, eləcə də Yeni Suraxanı qəsəbəsində uzunluğu 1,5 kilometr təşkil edən Mərkəzi küçəsidir. Təmir olunacaq ərazi 40 min kvadratmetrdən çoxdur.
Təmir işlərinin Suraxanı rayonunun digər küçə və yollarında da davam etdirilməsi nəzərdə tutulur.

Tikinti̇ 2019-04-26 16:20:00