×
A
A
A
Sazlamalar

İƏT Bakı Mərkəzi Kazanda gənc iş adamlarının forumunu keçirib

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 21-25-də Kazanda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu Bakı Mərkəzi) və Tatarıstan Hökumətinin birgə təşkilatçılığı ilə İƏT Gənc İş Adamlarının beşinci Forumu keçirilib. Forum 11-ci “Rusiya-İslam Dünyası” Biznes Forumunun rəsmi tədbiri kimi təşkil olunub.
İƏT-dən AZƏRTAC-a bildiriblər ki, Forumun sonuncu günündə Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Malayziyanın sahibkarlıq naziri Mohd Redzuan Yusuf və İƏGF-in sədri Taha Ayhan iştirak ediblər. Tədbirdə müsəlman ölkələrindən qalib startap müəlliflərinin seçimi olub.
Mərasimdə Forumun həmtəşkilatçısı qismində çıxış edən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev tədbirin yüksək səviyyədə keçirildiyinə görə Tatarıstan Prezidenti və Hökumətinə minnətdarlığını bildirib. Eləcə də beşinci dəfə keçirilən Foruma indiyədək 9 mindən çox startap layihəsinin təqdim olunduğunu, 600-dan çox startapçıya təlimlər keçirildiyini, bu layihələr çərçivəsində investisiya proqramlarında 200-dən çox startap komandasının və 500-ə yaxın gənc iş adamının iştirak etdiyini qeyd edib.
Bu tədbirdə İƏT-ə üzv ölkələrdən 500-ə yaxın gənc iş adamının müraciətləri əsasında seçilmiş 25 ölkəni təmsil edən 50-dən çox iştirakçı və 35 startap komandası beş gün ərzində keçirilən təlimlərdə iştirak ediblər.
Tədbir çərçivəsində İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Britaniya Birliyi Gəncliyi Şurası və Tatarıstanın aparıcı gənclər hərəkatı olan “Sələt” arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Həmçinin İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev və Tatarıstanın gənclər naziri Dəmir Fəttahovla keçirilən görüşdə gələcək əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, İƏT Gənc İş Adamları Şəbəkəsi 2011-ci ildə İƏT Gənclər Forumunun təşəbbüsü ilə Bakıda təsis edilib. Qurumun əsas məqsədi İƏT ərazisində gənc iş adamlarının fəaliyyətinə dəstək göstərmək, onların geniş və əməli əlaqələndirməsini həyata keçirməkdir.

Sosial 2019-04-26 16:04:00