×
A
A
A
Sazlamalar

Seminar: “Mənəvi dəyərlərimiz”

Bakı, 26 aprel, AZƏRTAC
Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən, birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılmasına, tədbirlərin keçirilməsinə start verilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, institutun LDU ilə birgə təşkil etdiyi “Mənəvi dəyərlərimiz” mövzusunda seminar bu qəbildəndir. Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tərkibində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun, Aİİ-nin, habelə LDU-nun rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak edib.
LDU-nun beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Məmmədov təmsil etdiyi ali təhsil ocağında milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq ənənələrinin təbliği istiqamətində görülən işlərdən, Lənkəranda, ümumiyyətlə, cənub bölgəsində də respublikanın digər yerlərində olduğu kimi, müxtəlif dinləri təmsil edən insanların əsrlərboyu mehriban ailə kimi yaşadıqlarından, tolerantlıq ənənələrindən söz açıb.
Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Milli kimliyimizin formalaşmasında dinin rolu”, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov “Mənəvi dəyərlərimiz”, islamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov “Azərbaycanda tolerantlıq və multikulturalizm” mövzularında çıxış ediblər.
Çıxışlarda Lənkəran bölgəsində böyük elm və irfan alimlərinin, zəngin milli-mənəvi bazanın olduğu iştirakçıların nəzərinə çatdırılıb.
LDU-da təhsil alan tələbələrin Mənəvi Dəyərlərin Təbliği Fondunun hər il təşkil etdiyi “Yay məktəbi”ndə iştirakı, hər iki ali təhsil ocağında təhsilalanların birgə qatıldıqları tədbirlərin keçirilməsi müzakirə edilib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Elm və təhsil 2019-04-26 15:51:00