×
A
A
A
Sazlamalar

Akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyi ilə bağlı Ukraynada anım tədbiri keçirilib VİDEO

İrpen, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin diplomatları, İrpen şəhər meriyasının rəsmiləri, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərliyi, Zərifə Əliyeva adına 12 saylı orta məktəbin kollektivi, gənclər və media təmsilçiləri iştirak ediblər.
Əvvəlcə akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər düzülüb, xatirəsinə dərin ehtiram ifadə olunub.
Anım mərasimində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək bildirib ki, akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında misilsiz xidmətləri olub. Azərbaycan tarixən görkəmli şəxsiyyətlər yetişdirib, onlardan biri də Zərifə Əliyevadır. Zərifə Əliyeva haqqında xatirələri oxuduqca hər bir insanda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim obrazı canlanır. İrpen şəhərində görkəmli elm xadiminin adını daşıyan istirahət parkının və mərkəzi küçənin Azərbaycanla Ukrayna arasında sarsılmaz dostluq körpüsünə çevrildiyini bildirən diplomat Zərifə Əliyeva adına 12 saylı orta məktəbin direktoru Valentina Antonenkoya iki ölkə arasında isti münasibətlərə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.
Tədbirdə İrpen şəhərinin meri vəzifəsini icra edən Anastasiya Popsuy, Zərifə Əliyeva adına 12 saylı orta məktəbin direktoru Valentina Antonenko və digərləri çıxış edərək akademik Zərifə Əliyevanın şərəfli ömür yolundan bəhs ediblər. Onlar Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım Əliyevanın əsl ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrildiyini vurğulayıblar. Qeyd edilib ki, Zərifə Əliyeva görkəmli alim olmaqla yanaşı, dünya şöhrətli siyasi xadim, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin ömür-gün yoldaşı, İlham Əliyev kimi mütərəqqi bir dövlət başçısının anası olub. Qürurverici haldır ki, belə bir dəyərli şəxsiyyətin xatirəsi Azərbaycanla yanaşı, Ukraynada da hər zaman böyük ehtiramla anılır.
Sonra akademikin adını daşıyan 12 saylı orta məktəbin şagirdlərinin ifasında Zərifə Əliyeva haqqında şeirlər səsləndirilib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen

Cəmiyyət 2019-04-26 15:47:00

Video