×
A
A
A
Sazlamalar

Məşhur aktrisa Elina Bıstritskaya 91 yaşında vəfat edib

Bakı, 26 aprel, AZƏRTAC

SSRİ-nin xalq artisti Elina Bıstritskaya aprelin 26-da 91 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, son illər aktrisa ağır xəstəlikdən əziyyət çəkib.
Elina Bıstritskaya 1928-ci il aprelin 4-də Kiyevdə anadan olub. Tibb Texnikumunda, bir müddət Pedaqoji İnstitutun filologiya fakültəsində, daha sonra Kiyev Dövlət Teatr Texnikumunda (1953) təhsil alıb. Vilnüs Rus Dram Teatrında (1953-1956), A.S.Puşkin adına Moskva Dram Teatrında (1956-1958), Malıy Teatrda (1958) çalışıb. 1950-ci ildən kinoya çəkilib. 1980-ci ildən SSRİ Bədii Gimnastika Federasiyasının və SSRİ Teatr Xadimləri İttifaqının hərbi-vətənpərvərlik komissiyasına rəhbərlik edib. "Mədəniyyət və İncəsənətə Dəstək" Fondunun təsisçisi olub.
SSRİ, Rusiya, Azərbaycan və Gürcüstanın Xalq artisti statusuna sahib Elina Bıstritskaya "Sakit don", "Könüllülər", "Nikolay Bauman" kimi ekran əsərlərindəki çıxışı ilə məşhur idi. O, 1991-ci ildə Azərbaycanın Xalq artisti, rejissor Rasim Ocaqovun “Qətldən yeddi gün sonra” filmində də çəkilib.

Mədəniyyət 2019-04-26 13:21:00