×
A
A
A
Sazlamalar

İlahiyyat İnstitutunun dosenti beynəlxalq simpoziumda iştirak edib

Bakı, 26 aprel, Şahnaz Abdullayeva, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) dinşünaslıq kafedrasının müdiri, dosent Elnurə Əzizova Türkiyənin İğdır şəhərində keçirilən “Əyyubilər” Beynəlxalq Simpoziumunda iştirak edib.
Aİİ-də AZƏRTAC-a bildirilib ki, İğdır Universitetinin təşkilatçılığı ilə təşkil olunan simpoziumda 13 ölkədən 160-a yaxın məruzəçi Əyyubilər Dövlətinin siyasi və mədəni tarixinə dair müxtəlif mövzularla çıxış ediblər. Dosent Elnurə Əzizova simpoziumda “Milli-dini kimlik zəminində sovet və postsovet dövrü Azərbaycan tarixçiliyində səlibçilər – Əyyubi münasibətlərinə baxışda dəyişiklik” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə sovet və müstəqillik dövrlərində Azərbaycan tarixçiliyində səbəb, nəticə və təsirlərinə görə Səlib yürüşləri və səlibçilərə qarşı mübarizədə Əyyubilər Dövlətinin rolundan bəhs edilib. Məqalədə hər iki dövr tarixçilərinin əsərlərindəki üslub, məzmun və vizuallar təhlil olunub.
Məruzədə qeyd olunub ki, müstəqillik dövrü Azərbaycan tarixçiliyində həm Səlib yürüşləri, həm də Əyyubilər Dövlətinə fərqli milli-dini rakursdan baxılır. Ermənilərin 1096-1099-cu illəri əhatə edən birinci Səlib yürüşü zamanı çox sayda şəhər və bölgədə müsəlmanların kütləvi qırğınına səbəb olduğu bildirilir. Ermənilərin türk-müsəlman xalqlarına qarşı bu xəyanəti min il boyunca davam etmiş, son bir əsrdə isə Azərbaycan türklərinə qarşı törətdikləri hadisələrdə ən yüksək həddə çatmışdır.
Elnurə Əzizova diqqətə çatdırıb ki, Səlahəddin əl-Əyyubi təkcə Misir Sultanı deyil, soy-kökünün qədim Azərbaycan torpaqlarından olduğu nəzərə alındıqda Azərbaycan üçün də mühüm tarixi şəxsiyyətdir.

Elm və təhsil 2019-04-26 14:20:00