×
A
A
A
Sazlamalar

Azərbaycan-Türkiyə İstehsalat Birliyinın “Belarus” markalı traktor istehsalı zavodunun açılması ölkə iqtisadiyyatı üçün də çox əhəmiyyətli olacaq

Gəncə, 26 aprel, AZƏRTAC

Dövlət başçısı İlham Əliyevin Azərbaycanın müəssisə və şirkətlərinə, iş adamlarına məhsulların ixrac edilməsi ilə bağlı verdiyi tövsiyələrə əsasən, üçüncü ölkələrin bazarına çıxış məqsədilə Belarusun Minsk Traktor Zavodu ilə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi arasında memorandum imzalanıb. Bu gün traktorların hissələri həm Belarusdan, həm də Gəncədən tədarük olunur. Türk sahibkarları isə traktorların yığılması ilə məşğul olacaq zavod açıblar. Gəncə avtomobil zavodu traktor istehsalı ilə uzun müddətdir məşğul olan bir müəssisə kimi yeni yaradılan Azərbaycan-Türkiyə İstehsalat Birliyinə öz təcrübəsi və yüksək ixtisaslı kadrları ilə köməklik göstərəcək. Bu müəssisənin ərsəyə gəlməsində bizim zavodun da dəstəyinin olması məni çox sevindirir. Ümidvaram ki, bu, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin də fəaliyyətinin genişlənməsinə yardımçı olacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev söyləyib.
Onun sözlərinə görə Azərbaycan həm qardaş Türkiyə, həm də ən etibarlı tərəfdaş dövlətlərdən biri olan Belarusla əməkdaşlıq əlaqələrini dərinləşdirərək üçtərəfli formatda yeni bir münasibət modeli ortaya çıxarıb ki, bu da özünü Azərbaycan-Türkiyə İstehsalat Birliyində göstərir.
“Azərbaycan-Türkiyə-Belarus birgə əməkdaşlığı nəticəsində inşa edilən “Belarus” markalı traktor istehsalı zavodu müştərək əməkdaşlığın bariz nümunəsidir. Birgə istehsal olaraq qurulan yeni zavodda iki traktor modelinin istehsalı nəzərdə tutulur. Bu müəssisəyə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin də komplektləşdirici hissələr göndərəcəyini və əməkdaşlıq edəcəyini nəzərə alsaq, layihənin Azərbaycan iqtisadiyyatı üçün çox əhəmiyyətli olacağı danılmazdır”, - deyə X.Fətiyev əlavə edib.
Qeyd edək ki, bu günlərdə Türkiyənin Kırıkkale bölgəsində Azərbaycan-Türkiyə İstehsalat Birliyi tərəfindən idarə olunacaq “Belarus” markalı traktor istehsalı zavodunun açılış mərasimi keçirilib.

Regionlar 2019-04-26 14:18:00