Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

DİA-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün ixtisasartırma kursu təşkil edilib

Bakı, 26 aprel, AZƏRTAC 

Aprelin 22-25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Müasir dövlət idarəçiliyinin təşkilati əsasları: 15 il innovativ inkişaf yollarında” istiqaməti üzrə ixtisasartırma kursu keçirilib.
DİA-dan AZƏRTAC-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında birgə əməkdaşlıq, kadr potensialının gücləndirilməsi kimi məsələlərə dair 2019-cu ildə imzalanan Memoranduma əsasən, kursa nazirliyin əməkdaşları olan dövlət qulluqçuları cəlb edilib.
Kursun əsas məqsədi dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi, dünyada və bölgədə yeni təhlükəsizlik mühitinin formalaşmasına Azərbaycan Respublikasının töhfəsi, dəyişikliklərin idarə edilməsi, dövlət qulluqçularının mənəvi-əxlaqi keyfiyyətlərinin artırılması və s. mövzularla bağlı biliklərin dinləyicilərə çatdırılması və bu sahədə gözləntilər barədə fikir mübadiləsinin aparılması olub.
Kursun açılışında akademiyanın rektoru, akademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqindən danışıb. Rektor Azərbaycan Respublikasında davamlı inklüziv inkişaf sahəsində Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi strategiyanın əhəmiyyətindən söz açıb, dövlət siyasətinin yüksək peşəkarlıqla planlaşdırılmasının və idarə edilməsinin innovativ idarəetmə texnologiyaları kompleksinin tətbiqi ilə bağlı olduğunu qeyd edib. Akademik əldə edilən uğurların əsasında idarəetmə sahəsi üçün mühüm olan sinergetik, komplimentar və kompensasion texnologiyaların xüsusi yer tutduğunu vurğulayıb.
Akademiyanın prorektoru, professor Əlikram Abdullayev, Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Elman Nəsirov, dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti, Milli Məclisin deputatı Aydın Mirzəzadə, siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, analitika və təhsilin informasiya təminatı şöbəsinin müdiri, professor Ziyafət Həbibova, tarix kafedrasının professoru Fuad Məmmədov, elmi-təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli, dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi Elnur Əliyev, Politologiya və siyasi idarəetmə kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Tural Əliyev və başqaları müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər.
Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib.

Elm və təhsil 2019-04-26 12:52:00