×
A
A
A
Sazlamalar

Azər Dadaşov adına Beynəlxalq müsabiqəyə yekun vurulub

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Bəstəkarlar İttifaqının və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə Azər Dadaşov adına IV Beynəlxalq müsabiqəyə yekun vurulub.
2010-cu ildə yaradılan, artıq ənənəyə çevrilən müsabiqə Bakıda hər üç ildə bir dəfə keçirilir. Müsabiqənin təşkilat komitəsinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə rəhbərlik edir.
Bəstəkarlar İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dördüncü müsabiqə də bundan əvvəl keçirilən digər müsabiqələr kimi 3 turdan ibarət olub. Dinləmələr iki yaş qrupu – kiçik (16 yaşadək) və böyük (16-25 yaş arası) yaş qrupları üzrə keçirilir.
Birinci turda müsabiqə iştirakçılarının çıxış proqramına İ.Bax, Y.Haydn, V.Motsart, L.Bethoven, F.Kulaunun əsərləri, həmçinin Azər Dadaşovun üç Sonatinası və onun “6 miniatür”, “6 prelüd”, “Atmacalar”, “Çiçəkçin” silsiləsindən fortepiano pyesləri daxil edilib.
İkinci turda F.Şubert, F.Şopen, R.Şuman, E.Qriq, A.Dvorjak, İ.Brams, S.Raxmaninovun əsərləri, həmçinin müsabiqənin zəruri hissəsi olan A.Dadaşovun üç kompozisiyası – “Baqatel”, “Məzəli rəqs” və “Həmd-Səna” səsləndirilib.
Üçüncü turda iştirakçıların seçimi ilə Azər Dadaşovun üç “Fortepiano üçün konsertlər”indən biri və ya bəstəkarın fortepiano və orkestr üçün “Poema” əsəri ifa edilib.
Laureatları müəyyən edən nüfuzlu münsiflər heyətinin tərkibinə SSRİ-nin və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli (sədr), həmçinin Xalq artisti, BMA-nın prorektoru, professor Yeganə Axundova, respublikanın Əməkdar müəllimi, BMA-nın prorektoru, professor Nərminə Quliyeva, “İxtisas fortepiano” kafedrasının müdiri, BMA-nın professoru Nəzakət Rimazi, Xalq artisti, professor Azər Dadaşov daxil idi.
Birinci mükafata və I dərəcəli diploma Aysu Mustafazadə layiq görülüb (Astara şəhər Uşaq musiqi məktəbi, 13 yaş).
İkinci mükafat və II dərəcəli diplom dörd iştirakçıya təqdim edilib: İlknur Zeynalov (BMA nəzdində Məktəb-studiya, 10 yaş), Emil Rəhimov (34 nömrəli Uşaq musiqi məktəbi, 11 yaş), Humay Nəbiyeva (BMA nəzdində Məktəb-studiya, 16 yaş), Könül Məmmədova (Qazaxıstan, 24 yaş).
Üçüncü mükafata və II dərəcəli diploma Tomris Eyvazlı layiq görülüb (F.Əmirov adına 5 nömrəli İncəsənət məktəbi, 10 yaş). Müsabiqə qalibinin pedaqoqu, Astara musiqi məktəbinin müəllimi Aybəniz Dadaşovaya xüsusi diplom və mükafat təqdim edilib.
BMA-nın Böyük zalında laureatların mükafatlandırılması mərasimi və qala-konsert təşkil edilib. Müsabiqə qaliblərinə fəxri diplomları və mükafatları Azərbaycanın Xalq artisti, müsabiqənin bədii rəhbəri, professor Azər Dadaşov təqdim edib.
Yekun qala konsertində müsabiqənin laureatlarının ifasında Azər Dadaşovun əsərləri səsləndirilib.
Konsertdə, həmçinin finala qatılmayan, lakin tədbirdə iştirakı çox arzulayan yarışmanın xarici ölkədən olan nümayəndələri – İrandan Aylin Ələmdari və Rusiyadan Leyla Cavadova da çıxış ediblər.

Mədəniyyət 2019-04-26 12:43:00